DÜNYA
Çinin ilk imperatorunun həyatına "ölümsüzlük iksiri" son qoyub
Bakı, 10 yanvar, AZƏRTAC
Alimlər aydınlaşdırıblar ki, Çinin ilk imperatoru Sin Şixuandi əbədi yaşamaq istəyirmiş və öz təbəələrinə ölümsüzlük iksiri tapmağı əmr edibmiş.
AZƏRTAC xəbər verir ki, Sinxua agentliyi bu yaxınlarda tapılmış sənədlərə əsasən belə məlumat yayıb.
Xunan əyalətində aparılan qazıntılar zamanı əbədi cavanlıq üçün "dərman" ixtirası ilə əlaqədar bir sıra qədim sənədlər və 48 əşya aşkar edilib. Həmin tapıntılar ölümsüzlük içkisi yaradılması haqqında imperatorun fərmanının hətta ucqar əyalət və kəndlərə də gedib çıxdığını göstərir.
- Belə fərmanın verilməsi və insanların həqiqətən də onu icra etməyə cəhd göstərməsi faktı göstərir ki, Sin Şixuandi nəqliyyat və rabitə vasitələrinin olmadığı bir vaxtda belə imperatorun istəyinin ölkənin hər yerinə çatdırılmasına imkan verən qanunverici və icraedici hakimiyyət yaradıbmış,- deyə arxeoloji qazıntının rəhbəri bildirib.
Sin Şixuandi eramızdan əvvəl 259-cu ildə doğulub və 210-cu ilədək ömür sürüb. O, Çinin bir-birinə düşmən olan altı əyalətini vahid dövlətdə birləşdirərək, özünü imperator elan edib.
Əvvəllər də arxeoloqlar bu böyük fatehin ölməzlik arzusunu təsdiqləyən sübutlar tapmışdılar. Güman olunur ki, imperator öz ömrünü uzatmaq üçün kinovardan (və ya civə sulfidi) istifadə edib. Ehtimal ki, məhz elə buna görə də o, 49 yaşında həyatını itirib.
Sin Şixuandi içərisində terrakot qoşun (keramikadan hazırlanmış 8100 döyüşçü fiquru) aşkar edilmiş sərdabəsi ilə məşhurdur. İmperatorun özünün məzarı isə hələ açılmayıb.