DÜNYA
Çinin iri raketdaşıyıcısı olan "Long March-5B"nin ilk buraxılışı həyata keçirilib VİDEO
Pekin, 5 may, AZƏRTAC
Çinin yeni və iri raketdaşıyıcısı olan "Long March-5B"nin Haynan adasındakı Vençan kosmodromundan ilk buraxılışı həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, raket Çinin yeni nəsil kosmik gəmisinin və yük kapsulunun sınaq versiyalarını test üçün kosmosa aparıb. Raketdaşıyıcının buraxılışı yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 14:00) baş tutub. Buraxılışdan 8 dəqiqə 8 saniyə sonra eksperimental kosmik gəmisi və yük kapsulunun test versiyası raketdən ayrılaraq planlaşdırılan aşağı orbitə daxil olub. Bu uğurlu uçuş kosmik stansiyanın quraşdırılmasını hədəfləyən Çinin kosmos proqramının 3-cü mərhələsinin başlanğıcı hesab olunur.
Çinin Kosmik Agentliyindən bildiriblər ki, "Long March-5B" tip raketdaşıyıcıları əsasən kosmik stansiyanın modullarının quraşdırılması üçün istifadə olunacaq. "Long March-5B" Çinin kosmosda stansiya yaratmaq proqramının əsas hissəsidir. Çünki Çinin təkcə bu tip raketdaşıyıcısı kosmik stansiyanın hissələrini orbitə aparmaq gücünə malikdir. Uzunluğu 53,7, diametri 5 metrə çatan raket maye oksigen, maye hidrogen və kerosin yanacağından istifadə etməklə 22 ton yükü aşağı orbitə qaldırmaq gücündədir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin