DÜNYA
Çinin milli valyutasının ofşor məzənnəsində antirekord qeydə alınıb
Pekin, 29 sentyabr, AZƏRTAC
Çinin milli valyutası olan yuanın ofşor məzənnəsində antirekord qeydə alınıb.
AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, sentyabrın 28-də birjalarda yuanın ofşor məzənnəsi 1 ABŞ dolları - 7,2387 yuan səviyyəsində olub. Bu, xarici ticarət əməliyyatları aparmaq üçün Hononq banklarında sərbəst yuan hesablarının açılmağa başladığı 2010-cu ildən bəri ən aşağı məzənnədir. Çinin daxili bazarında yuanın məzənnəsi isə sentyabrın 29-da cüzi möhkəmlənsə də, bir gün əvvəl son 14 ilin ən aşağı həddinə düşüb. Çin daxilində yuanın xarici valyutalara nisbətdə dəyəri idarəolunan üzən məzənnə sistemi ilə müəyyənləşdirildiyindən, onun gündəlik məzənnəsi 2 faiz baza bəndi intervalında dəyişə bilər. Yuan ilin əvvəlindən bəri 10 faizdən bir qədər çox ucuzlaşıb.
Xarici ekspertlər yuanın məzənnəsinin zəifləməsini COVID-19-a qarşı mübarizə tədbirlərinin, o cümlədən maliyyə və biznes mərkəzi olan Şanxay kimi iri şəhərlərdə ötən aylarda tətbiq olunan sərt qapanma rejiminin iqtisadi fəallığa mənfi təsirləri, habelə ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini sentyabrın 21-də 0,75 faiz artırması, habelə xaricə valyuta axını ilə əlaqələndirirlər. Qeyd olunur ki, yuana təzyiqlər yerli və xarici faiz dərəcələri arasında fərqin böyüməsi fonunda baş verir. Bir neçə gün əvvəl Çinin mərkəzi bankı il ərzində ilk dəfə olaraq faiz dərəcələrini aşağı salıb. Bu addım ölkə iqtisadiyyatının artımını dəstəkləmək məqsədi daşıyır. Yuanın xarici valyutalara nisbətdə zəifləməsinin iqtisadi inkişafın azalması ilə mübarizəni və ixracı stimullaşdırıcağını bildirən ekspertlər ilin sonunadək Çin valyutasının 1 ABŞ dollarına qarşı 7,5 yuan səviyyəsinə enə biləcəyini də proqnozlaşdırırlar.
Dünya Bankı cari il üçün Çinin iqtisadi inkişafını 2,8 faiz səviyyəsində proqnozlaşdırıb. Əgər bu baş verərsə, COVID-19 pandemiyasının Çindəki qızğın dövrü hesab edilən 2020-ci il istisna olmaqla (2,24 faiz), son 45 ilin ən aşağı göstəricisi olacaq.
Pekin