DÜNYA


Çinin müxtəlif bölgələrindən 20 min tibb işçisi “omikron”la mübarizə üçün Şanxaya ezam olunub VİDEO

Pekin, 4 aprel, AZƏRTAC

Çinin əhali sayına görə ən iri şəhəri olan Şanxayda COVID-19 virusuna yoluxmaların davamlı çoxalması müalicə və təcrid rejimində olan pasiyentlərə nəzarət, habelə kütləvi test prosesinin icrası üçün əlavə tibb işçilərinə ehtiyac yaradıb. Buna görə Çinin müxtəlif bölgələrindən təxminən 20 min tibb işçisi, o cümlədən 2 min hərbi həkim Şanxaya ezam olunub.

AZƏRTAC şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, Şanxaya ezam olunan tibb işçilərinin əksəriyyəti ötən 2 ildə müxtəlif şəhərlərdə, o cümlədən virusun ilk aşkarlandığı Uhanda COVID-19 xəstələrinin müalicəsində iştirak edənlərdir. Təxminən 26 milyon sakini olan Şanxayda pandemiyanın “omikron” dalğası ilə əlaqədar 2 mərhələdə tam qapanma tətbiq olunur. Şəhəri yarıya bölən Huanpu çayının şərq sahilində martın 28-dən aprelin 1-dək tətbiq olunan qapanma dövründə təxminən 10 milyon sakin 2 dəfə PZR testi verib. Aprelin 1-dən 5-dək çayın qərb sahilində tətbiq olunan qapanmada isə 16 milyon nəfər kütləvi test prosesində iştirak edir. Qapanma dövründə sakinlərin evlərini tərk etməsinə icazə verilmir. Şəhərdaxili avtobusların, metronun, taksilərin, bərələrin hərəkəti dayandırılıb. Qapanma tətbiq olunan ərazidəki müəssisələr qapalı rejimdə fəaliyyət göstərir və ya mümkün olduğu halda əməkdaşlar distant formada çalışırlar. Bu, Çində Uhan qapanmasından sonra ən irimiqyaslı qapanmadır.

Şəhərdə virusa yoluxmaların çoxalması fonunda mobil xəstəxanalarda, xüsusi karantin yerlərində, o cümlədən sərgi zallarında və idman komplekslərində simptomsuz və yüngül simptomlu pasiyentlərin yerləşdirilməsinə başlanılıb. Həmin məkanlara 35 min pasiyentin yerləşdirilməsi planlaşdırılıb. Ekspertlər sutkalıq yoluxmaların hazırki dinamikasının davam edəcəyi təqdirdə xüsusi karantin yerlərinin kifayət etməyəcəyini, simptomsuz pasiyentlərin bir hissəsinin ev şəraitində təcrid olunmasının mümkün olduğunu bildirirlər.

Qeyd edək ki, martın əvvəlindən etibarən Çinin müxtəlif yaşayış məntəqələrində virusa yoluxmalar davamlı çoxalır. Artıq yoluxmalar Çinin 99 şəhərində aşkarlanıb. Ötən sutkada 13 min 137 yoluxma aşkarlanıb ki, onun 11 min 771 nəfəri simptomsuz pasiyentlərdir. Şanxayda isə 4502 yoluxma aşkarlanıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.