SİYASƏT
Çinin nüfuzlu “China Daily” qəzeti AZƏRTAC-ın informasiyalarına geniş yer ayırır
Bakı, 31 avqust, Əsəd Məmmədov, AZƏRTAC
Çinin ingilis dilində nəşr olunan nüfuzlu gündəlik “China Daily” qəzeti AZƏRTAC ilə əməkdaşlığı genişləndirir. Qəzetin səhifələrində və elektron resurslarında AZƏRTAC-ın ölkəmizin həyatının müxtəlif sahələrini əhatə edən xəbərlərinə, fotoinformasiyalarına geniş yer verilir.
Bu silsilədən AZƏRTAC-ın növbəti informasiyası və fotosu qəzetin saytında avqustun 31-də yerləşdirilib. Burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündən bəhs olunur.
İnformasiyada Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Azərbaycan üçün etibarlı tərəfdaş və dost ölkə olduğu, Çinə səfəri, ikitərəfli münasibətlərin bütün istiqamətlərdə inkişafı barədə fikirləri yer alır. Materialda, həmçinin qeyd olunur ki, görüşdə Li Syaolin Bakı haqqında təəssüratlarını bölüşüb, rəhbərlik etdiyi qurumun Heydər Əliyev Fondu ilə birgə fəaliyyəti, maraqlı layihələrin həyata keçirildiyi barədə məlumat verib.
Xatırladaq ki, AZƏRTAC ilə “China Daily” qəzeti arasında əməkdaşlığa dair razılıq Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanovun Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammitində iştirak etmək üçün bu ilin iyununda Pekinə səfəri çərçivəsində “China Daily” qəzetinin rəhbərliyi ilə görüşündə əldə edilib.