SİYASƏT


Çinin nüfuzlu nəşri X Qlobal Bakı Forumundan yazır

Pekin, 13 mart, AZƏRTAC

Çinin 350 milyon oxucusu olan nüfuzlu “China Daily” qəzeti “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunu diqqətdə saxlayıb.

Qəzet AZƏRTAC ilə əməkdaşlıq çərçivəsində agentliyin Foruma dair materiallarını internet səhifəsində yerləşdirib. Materiallardan biri Azərbaycan Prezidenti İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri ilə görüşünə aiddir. Məqalədə qeyd olunub ki, həmin görüşdə Mərkəzin həmsədrləri və üzvləri ötən 10 il ərzində Mərkəzin sıralarının genişləndiyini və beynəlxalq səviyyədə nüfuzlu bir təsisata çevrildiyini vurğulayıblar. Azərbaycan Prezidenti isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyi dəstəyi bundan sonra da davam etdirəcəyini deyərək, bu təsisatın beynəlxalq səviyyədə nüfuzunun və çəkisinin artırılmasının, vacib platformaya çevrilməsinin əhəmiyyətini vurğulayıb.

Məqalədə dövlətimizin başçısının Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyası, bu xüsusda nəqliyyat-logistika imkanlarının artırılması, rəqəmsal transformasiya, həmçinin enerji resurslarının inkişafı və ixracı konsepsiyaları barədə ətraflı məlumat verdiyi diqqətə çatdırılıb.

“China Daily”nin Bakı Forumuna aid növbəti materialı isə 3-cü panel iclasında “Çoxtərəfliliyin yenidən kəşfi: qoşulmamanın yeni dövrü?” mövzusunda müzakirələrdən bəhs edir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin həmin müzakirələrdəki çıxışına toxunan nəşr, onun multilateralizmin Azərbaycanın konsepsiyalarından biri olması fikrini qeyd edib. Məqalədə Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi uğurlu fəaliyyətindən danışılıb, Hərəkatın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı Xüsusi Sessiyasının keçirildiyi vurğulanıb.

Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 350 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur. “China Daily” Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.