DÜNYA
Çinin qanunverici orqanının illik sessiyası təxirə salınıb
Pekin, 24 fevral, AZƏRTAC
Çinin qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) martın əvvəlinə planlaşdırılan illik sessiyası koronavirus epidemiyası ilə əlaqədar təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, Yığıncağın Daimi Komitəsinin fevralın 24-də keçirilən iclasında ölkədə il ərzində ən böyük siyasi tədbir olan qanunverici orqanın illik sessiyasının təxirə salınması barədə qərar qəbul edilib.
Bu il cədvəl üzrə martın 5-də açılması nəzərdə tutulan sessiya üçün artıq hazırlığa başlanılmışdı. Amma koronavirus epidemiyası ilə mübarizə və qabaqlayıcı tədbirlər hazırda Çində ən vacib iş hesab olunduğundan, bütün qüvvələrin bu istiqamətə yönəldilməsi daha məqsədəuyğun hesab edilir. ÜXNY-nin 3 minə yaxın nümayəndəsi, o cümlədən ölkə və vilayət səviyyəsində rəhbər şəxslər epidemiya ilə mübarizəyə qoşulublar. Bütün bunları təhlil edən Daimi Komitə illik iclasın təxirə salınmasına qərar verib.
Qeyd edək ki, Çində dövlət hakimiyyətinin ali orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının ildə bir dəfə keçirilən sessiyasında ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edilir. Sessiyalar arasındakı müddət ərzində Yığıncağın funksiyalarını onun Daimi Komitəsi həyata keçirir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin