DÜNYA
Çinin sabiq lideri Cian Cemin dəfn edilib VİDEO
Pekin, 5 dekabr, AZƏRTAC
Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin sabiq baş katibi, Çin Xalq Respublikasının (ÇXR) sabiq Sədri Cian Ceminin cəsədi kremasiya edildikdən sonra Pekindəki Babaoşan İnqilab Məzarlığında dəfn edilib.
AZƏRTAC xəbər verir ki, dəfndən əvvəl Çin Xalq Azadlıq Ordusunun baş hospitalında keçirilmiş vida mərasimində ÇXR Sədri Si Cinpin başda olmaqla ölkənin rəhbər şəxsləri iştirak edib. Çinin təcrübəsi əsas götürülərək, vida mərasiminə əcnəbi qonaqlar dəvət olunmayıb.
Dekabrın 6-da isə Pekindəki “Xalqın böyük sarayı”nda Cian Ceminə həsr olunan xatirə mərasimi keçiriləcək. Mərasim televiziya ilə canlı yayımlanacaq.
Qeyd edək ki, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin sabiq baş katibi, Çin Xalq Respublikasının sabiq Sədri Cian Cemin noyabrın 30-da 96 yaşında Şanxayda vəfat edib. Həkimlər sabiq liderin ölümünə leykoz xəstəliyinin və bir çox orqan çatışmazlığının səbəb olduğunu bildiriblər.
Cian Cemin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi (1989-2002-ci illər), paralel olaraq Çin Xalq Respublikasının Sədri (1993-2003-cü illər) vəzifələrini icra edib. Onun hakimiyyəti illəri Çinin iqtisadi yüksəliş dövrünə təsadüf edir. Bundan başqa, Cian Ceminin hakimiyyəti illərində Honkonq və Makao Çinə qaytarılıb, ölkə Dünya Ticarət Təşkilatına üzv olub.
Cian Ceminin vəfatı ilə əlaqədar yaradılmış komissiyanın qərarı ilə sabiq liderin ruhuna ehtiram əlaməti olaraq Çinin dövlət bayrağı endirilib. Ölkənin müxtəlif yerlərində, habelə orduda xatirə mərasimləri təşkil olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin