SİYASƏT


Çinin və Azərbaycanın prokurorluq və ədliyyə orqanları arasında əməkdaşlıq uğurla davam etdirilir

Pekin, 13 sentyabr, AZƏRTAC

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 22-ci illik Konfransı və Ümumi Yığıncağında iştirak etmək üçün Pekində işgüzar səfərdə olan Azərbaycan Respublikası baş prokurorunun müavini – Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının baş prokuroru Çao Cianmin ilə görüşüb.

Baş prokuror Ç.Cianmin 2013-cü ildə Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsini xüsusilə vurğulayıb. O, iki ölkə arasında dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq, bütün sahələrdə, o cümlədən hüquq mühafizə orqanları arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib.

Ç.Cianmin salamlarının və xoş arzularının Azərbaycanın baş prokuroru Zakir Qaralova və ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova çatdırılmasını xahiş edərək, iki ölkənin prokurorluq və ədliyyə işçiləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə iştiraka və görüşə görə təşəkkürünü bildirən Azərbaycan Respublikası prokurorluğunun nümayəndə heyətinin rəhbəri K.Əliyev baş prokuror Zakir Qaralovun və ədliyyə naziri Fikrət Məmmədovun xoş arzularını və salamlarını Çao Cianminə çatdırıb.

O, Prezident İlham Əliyevin siyasi kursuna uyğun olaraq, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mütərəqqi hüquqi və institusional tədbirlər barədə ətraflı məlumat verib, bu sahədə beynəlxalq əməkdaşlığın, o cümlədən ikitərəfli işbirliyinin zəruriliyini qeyd edib.

Görüşdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı iştirak edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.