Çinli cütlük “Pekin-2022”nin fiqurlu konkisürmə yarışının qalibi olub
AzerTAg.az

Bakı, 19 fevral, AZƏRTAC
Çinli Suy Vencin və Han Çon “Pekin-2022” Qış Olimpiya Oyunlarının fiqurlu konkisürmə növü üzrə cütlüklərin yarışında qalib olublar.
AZƏRTAC xəbər verir ki, fevralın 19-da Pekindəki “Qapalı paytaxt stadionu”nda fiqurlu konkisürən cütlüklərin sərbəst proqramı üzrə çıxışlar olub. Hakimlər çinli cütlüyün çıxışını 155,47 xalla qiymətləndirib. Çinli cütlük fevralın 18-də qısa proqramda 84,41 xal qazanmışdı. Ümumilikdə 239,88 xal toplayan cütlük qızıl medal qazanıb. İkinci və üçüncü yerləri Rusiya Olimpiya Komitəsindən Yevgeniya Tarasova-Vladimir Morozov və Anastasiya Mişina-Aleksandr Qallimov cütlükləri tutublar.
Bu qələbə sayəsində aktivindəki qızıl medalların sayını 9-a çatdıran ev sahibi medal sıralamasında 3-cü yerə yüksəlib. Çinli idmançılar Olimpiya Oyunlarında 4 gümüş və 2 bürünc medal da qazanıblar. Medal sıralamasına 15 qızıl, 8 gümüş və 12 bürünc medalla Norveç liderlik edir. İkinci yerdə 11 qızıl, 8 gümüş və 5 bürünc medalla Almaniya qərarlaşıb.
“Pekin-2022” Qış Olimpiya Oyunları fevralın 20-də başa çatacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Xəbərin mətnində orfoqrafik səhv var