ELM VƏ TƏHSİL
Çinli tələbələr təhsillərini ADNSU-da davam etdirəcəklər
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çinin Lançjou Neft-kimya Kollecinin təhsillərini ADNSU-da davam etdirəcək yeddi tələbəsi və onların valideynləri ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Çinin şimal-qərb hissəsində aparıcı yer tutan Lançjou Neft-kimya Kolleci 60 illik tarixi ərzində ilk dəfədir ki, təhsillərini xaricdə davam etdirmək üçün tələbələr seçib.
Rektor M.Babanlı tələbə və valideynlərin suallarını cavablandırıb, onlara universitetdə təhsilin üstünlükləri barədə məlumat verib.
Qeyd olunub ki, ADNSU Lançjou Neft-kimya Kolleci ilə artıq bir ilə yaxındır ki, əməkdaşlıq edir və iki tədris müəssisəsi arasında sıx əlaqələr yaranıb. M.Babanlının Lançjou Neft-kimya Kollecinin rəhbərliyi ilə keçirilən budəfəki görüşündə əməkdaşlıq proqramı çərçivəsində qarşıdan gələn illərdə yüzlərlə istedadlı çinli gəncin ADNSU-da təhsil alması planlaşdırılır.