REGİONLAR
Çinli turistlər: Naxçıvanın təbiəti, tarixi abidələri və təbii şəfa mənbələri heyrətamizdir
Naxçıvan, 20 fevral, AZƏRTAC
Naxçıvan mənəvi istirahət üçün çox gözəl məkandır. Bu diyarın təbiəti, tarixi abidələri və təbii şəfa mənbələri heyrətamizdir. Burada turizm sektoru inkişaf edib, bütün xidmətlər yüksək səviyyədədir, milli yeməklər isə çox dadlıdır.
Bu sözləri AZƏRTAC-a müsahibələrində çinli turistlər Jou Li və Li Bouen deyib.
Jou Li qeyd edib ki, Naxçıvana ilk dəfədir gəlir. Əvvəllər bu diyar haqqında təsəvvürünün olmadığını deyən J.Li bildirib ki, Əshabi-Kəhf ziyarətgahı, Naxçıvan şəhərindəki möhtəşəm muzeylər onda xoş təəssürat yaradıb. O, muxtar respublikaya səyahəti ilə bağlı təəssüratlarını sosial şəbəkələr vasitəsilə dostları ilə paylaşacağını vurğulayıb.
“Duzla müalicənin mümkünlüyü haqqında ilk dəfə burada, Naxçıvanda eşitdim”, – deyən digər Çin vətəndaşı Li Bouen isə üçgünlük tur proqramı çərçivəsində Naxçıvan şəhəri ilə yaxından tanış olduğunu, xüsusilə buradakı təmizlikdən, eləcə də qaldıqları oteldəki yüksək qonaqpərvərlikdən, restoranlardakı səliqə-sahmandan razılığını bildirib.
Naxçıvanın müasir inkişaf mənzərəsinin onlarda təəccüb doğurduğunu qeyd edən, buradakı yolların, küçələrin təmizliyini xüsusilə bəyənən turistlər Naxçıvanqalanın, Nuh Peyğəmbərin türbəsinin ziyarətindən sonra bu diyar haqqında təsəvvürlərinin çox dəyişildiyini vurğulayıblar. Onlar, həmçinin Naxçıvanın bu il İslam Mədəniyyəti Paytaxtı və Azərbaycanın Gənclər Paytaxtı olduğunu öyrəndiklərini, qədim memarlıq abidələri haqqında məlumat aldıqlarını, tarixi İpək Yolu üzərindəki əhəmiyyəti və həmçinin müasir inkişafı və xarici iqtisadi əlaqələri haqqında da xeyli informasiya əldə etdiklərini söyləyiblər.
Səfərin son günündə Naxçıvan şəhərindəki bazardan və marketlərdən alış-veriş edən turistlər yerli istehsal olan şərablara, meyvə qurularına və Naxçıvan duzuna maraq göstərdiklərini bildiriblər.