DÜNYA


Çinlilər Macarıstanda daşınmaz əmlak alırlar

Budapeşt, 20 may, AZƏRTAC

Macarıstanın daşınmaz əmlak bazarının ekspertləri Çindən olan müştərilərin fəallığının son illər çox artdığını etiraf edirlər. Ölkənin bir sıra iri rieltor (daşınmaz əmlak alqı-satqısı) şirkətləri hətta məxsusi olaraq asiyalı müştərilər üçün ayrı-ayrı ofislər açmağa başlayıblar. Onların saytlarında isə Çin dilində səhifələr açılıb.

Bütün bunlar təsadüfi deyildir. Son illər Çin vətəndaşları Macarıstanın daşınmaz əmlak bazarında əcnəbi müştərilərin böyük əksəriyyətini təşkil edir.

“Technohaza” rieltor şirkətinin analitik departamentinin başçısı Timea Karoy AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib: “Bunlar, əsas etibarilə, artıq çoxdan burada yaşayan çinlilərdir. Onlar Macarıstanda həm özləri üçün, həm də investisiya məqsədi ilə mənzillər alırlar. Çinlilər daşınmaz əmlak bazarının ən fəal iştirakçılarıdır”. Onun sözlərinə görə, çalışdığı firmada Çin dilində danışan əməkdaşlar, Çindən olan müştərilər üçün ixtisaslaşdırılmış ofis var. Sənədləşdirmə də Çin dilində aparılır.

O, daha sonra deyib: “Biz hətta Avropa İttifaqının vətəndaşlarını bir qrupda toplasaq belə, çinlilər onların hamısını qabaqlayar. Macarıstan Mərkəzi Statistika İdarəsinin son məlumatına görə, çinlilər 2016-cı ildən bu sahədə inamla liderlik edirlər. Ötən il onlar bir mənzilə orta hesabla 125 735 avro xərcləyiblər. Çinlilər əsas etibarilə bahalı mənzillər axtarır və nadir hallarda alver edirlər. Budapeştdə qiymətlərin bugünkü yüksək səviyyəsi nəzərə alınsa, çinliləri maraqlandıran qiymətlər diapazonu 153 336-245 337 avro arasında dəyişir”.

Daşınmaz əmlak bazarının eksperti əlavə edib ki, başqa ölkələrin nümayəndələri – ruslar, avstriyalılar, almanlar Balaton gölündə yay evləri bazarının fəal iştirakçıları olduğu halda, asiyalılar yalnız Budapeştin özündə mənzil axtarırlar.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.