DÜNYA


Çinlilər ənənəvi Duanu bayramını qeyd edir VİDEO

Pekin, 3 iyun, AZƏRTAC

Çin xalqı ənənəvi bayramlarından biri olan Duanu festivalını qeyd edir.

AZƏRTAC xəbər verir ki, bayramla əlaqədar ölkənin müxtəlif yerlərində şənliklər, mərasimlər, yarışlar təşkil olunur. Epidemik vəziyyətlə əlaqədar kütləvi mərasimlər keçirilməyib, bayramın əsas elementi olan qayıq yarışları isə məhdud sayda iştirakçı ilə təşkil olunub.

Şərq xalqlarının ay təqvimi ilə hər il 5-ci ayın 5-ci günü keçirilən bu bayram eramızdan əvvəl IV-III əsrlərdə yaşamış vətənpərvər şair Çu Yuanın şərəfinə meydana gəlib. Rəvayətə görə, şair “Döyüşən hökmdarlıqlar” dövründə Çu hökmdarlığında yaşayıb. O, Çu hökmdarlığının Çinq hökmdarlığı tərəfindən devrilməsindən sonra 5-ci ayın 5-ci günü özünü Miluo çayına ataraq intihar edib. Əfsanəyə görə, şairin ölümündən sonra insanlar qayıqlara oturub çayda onun cəsədini xeyli axtarıblar. Hətta balıqların onun cəsədini yeyəcəyindən ehtiyat edərək suya xeyli miqdarda düyü atıblar ki, balıqlar düyünü yeyib, şairin cəsədinə toxunmasınlar.

Həmin hadisədən sonra hər il beşinci ayın 5-ci günü böyük şairin xatirəsinə çaylarda ənənəvi olaraq əjdaha formasında qayıqlarda yarışlar keçirilir. Eyni zamanda, çaya Çu Yuan üçün bişmiş düyü ilə doldurulmuş bambuk buğumları atırlar. Bu bayramda “Cunqci” – yarpağa bükülmüş düyü yemək adəti də var.

Çin Xalq Respublikası hökuməti 2005-ci ildən bu bayramın dövlət səviyyəsində qeyd olunması barədə qərar qəbul edib.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.