REGİONLAR


Çıraqqala abidəsi ətrafındakı yanğın məhdudlaşdırılıb, “Qalaaltı” müalicə-istirahət kompleksi üçün təhlükə aradan qaldırılıb

Şabran, 18 avqust, Elxan Yusifli, AZƏRTAC

Şabran və Quba rayonlarında ümumilikdə 4 ərazidə meşə yanğınları davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabran rayonunda hazırda meşə yanğınları Çıraqqala abidəsinin ətrafındakı meşəlikdə davam edir. Rayondakı daha bir yanğın ocağı Zeyvə kəndi yaxınlığında, Şabrançay çayının ətrafındakı meşə zolaqlarında qeydə alınıb.

Şabran Rayon Fövqəladə Hallar Komissiyasının sədri İlkin Ağayev bildirib ki, Çıraqqala abidəsi ətrafında meşəlikdəki yanğın məhdudlaşdırılıb. Yaxınlıqdakı “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksi üçün təhlükə tamamilə aradan qaldırılıb.

Quba rayonunda da iki ərazidə yanğının söndürülməsi işləri aparılır. Daha təhlükəli vəziyyət Zərqova inzibati ərazi dairəsinə aid Qasımqışlaq kəndi yaxınlığında qeydə alınıb.

Quba Rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov bildirib ki, yanğının kənddəki evlərə keçməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülüb. Kəndin ətrafında yanğın istiqamətində olan ərazilər şumlanılıb. Hazırda yaşayış məntəqələri üçün təhlükə yoxdur.

Qubada digər yanan meşəlik ərazi isə Vəlvələ kəndi yaxınlığındadır.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Yanğınsöndürmə əməliyyatları mürəkkəb dağlıq relyefdə və yaşayış yerlərinin yaxınlığındakı ərazilərdə həyata keçirilir. İsti və küləkli hava şəraiti yanğın ocaqlarının tam söndürülməsini çətinləşdirir.

Yanğınların söndürülməsində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri və xüsusi texnikası, FHN-in Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və helikopterləri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, “Azərsu” ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.