MƏDƏNİYYƏT


Çıraqqalada aparılan bərpa-konservasiya işləri davam edir

Bakı, 18 sentyabr, AZƏRTAC 

Sentyabrın 17-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli dünya əhəmiyyətli tarixi abidə olan Çıraqqalada aparılan bərpa-konservasiya işləri ilə tanış olub.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid “Çıraqqala” abidəsində bərpa işlərinə ötən il başlanılıb. Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır. Qalanın 5 bürcündə bərpa-konservasiya işləri artıq başa çatdırılıb. Həmçinin bürclərarası qala divarları bərpa-konservasiya olunub, ərazidə arxeoloji tədqiqatlar aparıldıqdan sonra aşkar olunmuş tikililərdə əlavə konservasiya işləri həyata keçirilib. Tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədilə ərazidə yerləşən meşənin içindən piyadalar üçün yol salınıb.

Bərpa-konservasiya işləri ilə tanış olan xidmət rəisi tapşırıq və tövsiyələrini verib.

O, həmçinin Çıraqqala-Şabran Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları ilə görüşüb, qoruğun fəaliyyəti ilə maraqlanıb. Qoruğun fəaliyyətinin gücləndirilməsi və ziyarətçilər üçün xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində atılacaq addımları diqqətə çatdırıb.

Qeyd edək ki, ölkəmizin ən qədim tarixi abidələrindən olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işləri Azərbaycan Respublikası Prezidentinin keçən ilin mart ayında imzaladığı Sərəncama əsasən həyata keçirilməkdədir. Ötən müddət ərzində bərpa-konservasiya işlərinə start verilib və bərpa üzrə zəruri tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.