CƏMİYYƏT
Çirkli havanı təmizləyən 3 bitki
Bakı, 8 aprel, AZƏRTAC
Nəfəs aldığımız havanın çirklənmə nisbəti günü-gündən artır və bu, bir sıra sağlamlıq problemləri yaradır. Bu səbəbdən son vaxtlar havanın təmizlənməsi aparatlarına maraq artıb. Lakin yeni tədqiqatlara görə, bəzi bitkilər ev və ofislərdəki çirkli havanı təmizləməyə qadirdir.
AZƏRTAC tibbi saytlara istinadən bildirir ki, İngiltərədə aparılan yeni tədqiqatlar bəzi bitkilərin evdə və ya ofisdə havada toplanan çirkləndirici maddələrin səviyyəsini əhəmiyyətli dərəcədə azalda bildiyini üzə çıxarıb. Qeyd edək ki, bizi əhatə edən bitkilər psixi sağlamlığımıza da yaxşı təsir göstərir.
Birmingem Universiteti tərəfindən aparılan tədqiqatlar, bitkilərin havada azot dioksid çirkləndiricisinin səviyyəsini 20 faizə qədər azaltdığını müəyyən edib. Azot dioksid çox zərərli qazdır və aşağı konsentrasiyada onu aşkar etmək çətindir. Xüsusilə böyük şəhərlərdə avtomobil sıxlığı və sənaye müəssisələrinin havaya atdığı tüstü səbəbindən onun miqdarı çoxdur. Bu qazın havada olması insanlarda başağrısı və başgicəllənməyə səbəb olur.
Tədqiqatda spatifilyum, drasena və zamiokulkas bitkilərinə diqqət yetirilir. Bu üç bitki əvvəlcə azot dioksidin yüksək miqdarda olduğu otağa qoyuldu, 1 saat sonra bitkilərin havadakı azot dioksid qazının yarısını azaltdığı müəyyən edildi. Tədqiqata rəhbərlik edən professor Kristian Pfanq Daily açıqlamasında: “Seçdiyimiz bitkilərin hamısı fərqli idi. Lakin onların hamısı azot dioksidi havadan çıxarmaq üçün heyrətamiz dərəcədə oxşar xüsusiyyət nümayiş etdirdi. Biz bu dərəcədə yüksək nəticə gözləmirdik”, - dedi.