REGİONLAR


Çoban, döl bayramı və ya “Kosa-kosa” oyunu

Naxçıvan, 23 mart, AZƏRTAC

Milli və mənəvi dəyərlərimizin, adət-ənənələrimizin yaşadıldığı qədim Naxçıvanda tarixən əkinçiliklə, maldarlıqla bağlı müxtəlif adətlər, inam və mərasimlər icra olunub. Bunlardan biri də çoban və ya döl bayramıdır.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib ki, muxtar respublikanın Ordubad bölgəsindən toplanan etnoqrafik materiallara görə döl bayramı, Novruzla eyni vaxta, mart ayına təsadüf edilir. Araşdırmalardan məlum olur ki, mərasimin keçirilməsində əsas məqsəd doğulacaq quzuların sağlam, gümrah olması idi. Bu mərasimdə bəd ruhları qovmaq üçün dualar edilərdi. İnanca görə, əgər bu mərasim keçirilməzsə, yaxud bəd ruhlar qovulmazsa, qoyunlar bala salar. Maraqlıdır ki, maldarlar bu dövrdən sonra heyvanın qarnındakı balanın tələf olması ehtimalının azaldığını zənn edirdilər.

Mərasim zamanı aşağıdakı adətlər həyata keçirilərdi. İlk növbədə təkərləmə söylənilərmiş:

Bayrama qalan əllidir,

Əllisi də bəllidir,

Əllisini say ötür,

Qarmala quzu götür.

Uşaqlar qapı-qapı gəzərək pay toplayardılar. Bu zaman oxunarmış:

Hayadan, ay hayadan,

Qoyun gələr qayadan.

Aclıqdan gəlmədik,

Adətimiz var sayadan.

Deyimə nəzər salsaq, görərik ki, burada əsas məqsəd heyvandarlıqla əlaqəli bir sıra adətləri icra etməkdir. Mərasim zamanı uşaqlar topladıqları yeyəcəkləri bir yerdə oturub yeyərdilər.

Y.Aхundlu yazır ki, bu mərasimə хalq arasında “Kosa-kosa” mərasimi deyilir. Ancaq mərasimin nə üçün “Kosa-kosa” adlandırıldığı bu günə qədər araşdırılmayıb. Asəf Orucov qeyd edib ki, etnoqrafik materiallar toplanarkən mərasimə “Kosa-kosa” adının verilməsinə rast gəlinməyib. Müqayisəli araşdırmalardan məlum olur ki, qardaş Türkiyədə, Anadolu bölgəsinin bəzi bölgələrində də günümüzdə həmin mərasim “Kos-kosa” adlanır. Alimin Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq kəndindən topladığı etnoqrafik materiallara görə, Novruz bayramına əlli gün qalmış “Kosa-gəlin” mərasimi qeyd edilərdi. Ümumiyyətlə, çöl materialları ilə ədəbiyyat materiallarını qarşılıqlı müqayisə edərkən aydın olur ki, kosa ilə gəlin hər ikisi artım, bolluq bərəkət rəmzidir. Elə xalqımız da bəhs olunan mərasimi bu məqsədlə qeyd edərdi. “Kosa-kosa” şənliyində kosa yazı, keçəl isə qışı əks еtdirir. Bu mərasimdə qış fəsli ilə yaz fəslinin qarşılaşması, mübarizəsi açıq-aydın görünür.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri maraqlı bir məqama da toxunub: “Anadolunun Sivas, Ərdəhan, Çubuk, Tokat, Çankırı bölgələrində “Quzunun tükü bitdi”, “Qoyun yüzü”, “Davar yüzü”, “Qış yarısı törəni”, “Kos-kosa” adlı mərasimlər günümüzdə də keçirilir. Bu şənliklər qədim türk inanclarının bir parçasıdır. Məqsəd Yer ruhlarını razı salıb dölün bərəkətini artırmaqdır. Anadoluya gələn Oğuz-Türkmən boyları mərasimdəki əski inanclara islami ünsürlər də qatıblar. Vaxtilə Naxçıvanda da keçirilən bu mərasimdən sonra bəzi inanclar nəzərə alınardı. Məsələn, martın 22-ə qədər evdən kimsəyə xəmir mayası, yun darağı, duz verməzlər. İnanca görə verilsə, qoyunlar bala salar. Eyni zamanda, bu tariх maldar üçün yeni bir ilin başlanğıcı kimi də qəbul olunur”.

Asəf Orucov onu da vurğulayıb ki, bəzi bölgələrdə bu mərasimlər müxtəlif vaxtlarda qeyd olunardı. Ordubadda isə Böyük çillə ilə Kiçik çillənin arasındakı “təhvil-təslim” dövrünə təsadüf edərdi. Bu mərasim Türkiyənin Kahraman bölgəsində yanvarın 20-dən fevralın 10-dək, Çankırıda yanvarın 19-da, Tokatda isə fevralın 15-də keçirilir. Türkmənlər arasında isə Böyük çillə və ya Ulu çillə qurtarıb yerini Kiçik çilləyə verən günü “Çoban bayramı” adlı mərasim təşkil edilir. Mənbələrin verdiyi məlumata görə, bayramı keçirməkdə əsas məqsəd heyvanların sağlam vəziyyətdə yaza çıхması ilə bağlıdır.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.