REGİONLAR
Çöplərdən əl işləri düzəldən lənkəranlı gənc: Bəzən bir maketin hazırlanması aylarla vaxt alır VİDEO
Lənkəran, 21 fevral, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunun Separadi kənd sakini Ülfət Bədəlov boş vaxtlarını çöplərdən maraqlı əl işləri hazırlamağa sərf edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 24 yaşlı Ülfətin ilk hazırladığı maket “Eyfel qülləsi” olsa da, o, daha çox gəmi düzəltməyə maraq göstərir. Maketlərin eskizini isə internetdən seçir.
Ülfət Bədəlov hobbisi barədə danışarkən deyib: “İlk dəfə internetdən Eyfel qülləsinin maketini götürdüm. Əvvəl şəklini çəkdim, sonra 3 ay üzərində işlədim. İkinci əl işim isə asma körpü olub. Bütün bunlar asan başa gəlmir. Bu işdə əl qabiliyyəti ilə yanaşı, səbir də çox mühüm şərtdir. Bəzən bir maketin hazırlanması aylarla vaxt alır”.
Lənkəranlı gənc ilk balıqçı gəmisinin maketini düzəldərkən taxta materiallardan istifadə edib və qısa vaxtda hazır olub. Lakin sonradan düzəltməyə başladığı digər gəmi maketinin üzərində isə hələ də işləyir. Budəfəki maket gəminin uzunluğu 1 metr 30 santimetr, eni isə 40 santimetrdir. Ülfət onun hazırlanmasında daha çox ayaqqabı ipindən istifadə edir.
Hazırladığı sənət əsərlərini indiyə qədər müxtəlif sərgilərdə nümayiş etdirən Ülfət Bədəlov əl işlərinə görə mükafatlara da layiq görülüb. O, mart ayında Lənkəranda təşkil olunacaq növbəti sərgiyə tamamlamaq üzrə olduğu gəmi maketini çıxaracaq.