İDMAN
Çövkən oyunu üzrə “100 İllik Yubiley Kuboku”nun yarımfinalçıları məlum olub
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təşkil etdiyi Milli Atçılıq Festivalı çərçivəsində keçirilən çövkən milli atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinin ikinci günündə - iyunun 6-da yarımfinalçılar məlum olub.
AZƏRTAC xəbər verir ki, ilk görüşdə “Ağstafa” və “Omar” komandaları üz-üzə gəliblər. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Omar” kollektivi 2:0 hesabı ilə qalib gəlib. Digər oyunda isə “Buta Qolden” komandası “Murad” kollektivini qarşılaşmanın sonuncu dəqiqəsində vurduğu qolla 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Beləliklə, “Omar” və “Buta Qolden” komandaları yarımfinala yüksəliblər. Yarımfinalda mübarizə aparacaq digər komandalar “Sərhədçi” və “Polad” olacaq.
Yarımfinal mərhələsinin oyunları iyunun 7-də təşkil olunacaq. İyunun 9-da isə üçüncü yer uğrunda görüş və final qarşılaşması ilə turnirə yekun vurulacaq.
Turnirin ümumi mükafat fondu 50 min manatdır.
İyunun 2-də start götürən Milli Atçılıq Festivalına bu ayın 17-də yekun vurulacaq. Festivalın birinci günündə Binə Atçılıq Mərkəzində cıdır üzrə “100 İllik Yubiley Kuboku” turniri keçirilib.
Festival çərçivəsində iyunun 8-də atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri təşkil olunacaq. “Elite Horse & Polo Club”un yaşıl arenasında keçiriləcək və iki kateqoriyadan ibarət olacaq turnirin ümumi mükafat fondu 34 min manatdır.
İyunun 15-17-də isə Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların iştirakı ilə artıq altıncı dəfə ölkəmizdə arena polo üzrə Dünya Kuboku yarışları keçiriləcək. Üç gün davam edəcək turnirdə ümumilikdə altı oyun olacaq. Azərbaycanı bu mötəbər yarışda milli polo komandasının idmançılarından ibarət “Elite Horse & Polo Club”u təmsil edəcək.