CƏMİYYƏT
Çox isti və kəskin qidalar ezofagitin yaranmasına səbəb olur
Bakı, 25 sentyabr, AZƏRTAC
Ezofagit həzm traktının geniş yayılmış xəstəliklərindən biridir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının qastroenteroloqu Vüqar Rəsulov bildirib.
Həkim deyib: “Ezofagitin inkişafında əsas yeri alimentar faktorların qida borusunun selikli qişasına qıcıqlandırıcı və travmatik təsiri nəticəsində yaranan zədələnmələr tutur. Buna çox isti, kəskin qidalar, spirtli içkilər və ya toksik maddələr daxildir. Tam dəyərli qidalanmamaq nəticəsində baş verən zülal və vitamin çatışmazlığı, qida borusunun qan dövranının pozulması, nevrogen təsirlə əlaqədar yaranan spazm, mədənin turş möhtəviyyatının qida borusuna atılması kimi amillər xəstəliyin patogenezində mühüm rol oynayır”.