ELM VƏ TƏHSİL


“Çoxbilənlik. İnsan hərtərəfliyinin gücünü üzə çıxarmaq” kitabında professor Hamlet İsaxanlı da təqdim olunub

Bakı, 9 mart, AZƏRTAC

Londonun məşhur “Wiley” nəşriyyatında britaniyalı iqtisadçı, beynəlxalq münasibətlər və neyroelm üzrə mütəxəssis, qlobal jurnalist və İslam incəsənəti üzrə dünyanın ən böyük muzey kolleksiyası olan məşhur “Xəlili kolleksiyaları”nın (“Khalili Collections”) bədii rəhbəri Vaqas Əhmədin “Çoxbilənlik. İnsan hərtərəfliyinin gücünü üzə çıxarmaq” (“The Polymath. Unlocking the Power of Human Versatility”) kitabı işıq üzü görüb.

Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, kitab çoxbilənlik fenomeninə həsr olunub. Çoxbilənliyin qısa təsviri belədir: “Bir-biri ilə bağlı olmayan çox müxtəlif sahələrdə yaradıcı fəaliyyət göstərən çoxyönlü insan”.

Kitabda tarixboyu mövcud olmuş çoxbilənlər haqqında məlumatla yanaşı, çoxbilənliyin nəzəri əsasları verilib. Çoxbilənlik fenomeni elm adamları, filosof və psixoloqlar tərəfindən müzakirə olunaraq maraqlı tədqiqat mövzusu olsa da, bu kitab çoxbilənlik haqqında ilk monoqrafik əsərdir. Kitabda çağdaş dövrün, XX-XXI əsrlərin azsaylı məşhur çoxbilənləri sırasında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı da təqdim olunub. Əsərdə Hamlet İsaxanlının çoxbilən kimi fəaliyyəti ayrıca təhlil olunub, onun əsər və fikirlərindən çoxsaylı sitatlar verilib.

Digər tərəfdən, beynəlxalq “StackExchange” saytı da Hamlet İsaxanlının adını XX əsrdə dünyanın məşhur çoxbilənləri sırasında verərək, onu qısaca belə təqdim edib: “Hamlet İsaxanlı, 1948-ci il təvəllüdlü, riyaziyyat-fizika elmləri üzrə professor, riyaziyyatçı, şair, sosial elmlər, təhsil, ədəbiyyat və mədəniyyət tarixi üzrə mütəxəssis-alim, universitet təsisçisi, müxtəlif təşkilatların təsisçisi və həmtəsisçisi, sərbəst təşəbbüs sahibi, yazıçı, tərcüməçi”.

“StackExchange” elm tarixi və riyaziyyat sahəsində müzakirələrin aparıldığı, bir çox məşhurların fəal iştirak etdiyi bir saytdır. Daha geniş məlumatı bu link vasitəsilə əldə etmək olar: https://hsm.stackexchange.com/questions/2404/what-are-the-most-famous-polymaths-of-the-20th-century

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.