CƏMİYYƏT


Çoxmərtəbəli binada yaşamağın sağlamlığa təsiri

Bakı, 11 may, AZƏRTAC

Çoxmərtəbəli binalarda yaşamağa üstünlük verənlər çox olsa da, bəzən həmin binaların insan sağlamlığı üçün təhlükəli olduğunu deyənlər də var. Alman alimlərinin gəldiyi qənaətə görə, altıncı mərtəbədən yüksəklikdə yaşamaq insanı yerin maqnit sahəsindən müəyyən qədər uzaqlaşdırır. Bu da immunitet sisteminə ciddi şəkildə mənfi təsir göstərir, ürək, damar, sinir və digər xəstəlikləri olanlara yaxşı təsir göstərmir.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt Cahan Cavadova deyib: “Hündürlük artdıqca atmosferdə olan oksigenin miqdarı azalır. Bu, əsasən 60-100 metr hündürlükdən yuxarıda hiss olunur. Binaların ilkin təmirindən başlayaraq tikintidə istifadə olunan zərərli maddələrin hava, su və torpağa axıdılması, ekologiyanın çirkləndirilməsi və bundan sonra uzun sürən təmir işlərinin insan orqanizminə çox mənfi təsiri var. Həmçinin təmir zamanı işlədilən lak və boya məsulları, onların göstərdiyi əlavə təsirlər orqanizmə çox mənfi təsir edir”.

Onun dediyinə görə, çoxmərtəbəli binalarda yuxarı qalxdıqca oksigen azalır, ağciyər, ürək, qan-damar sistemi ilə bağlı xəstəliyi olanlarda bir qədər problem yaradır: “Günəş şüalarının evlərə daxil olması və bakterisid təsirinin qarşısı alınmadığından burada maye və kif göbələklərinin inkişafı artır. Bunun nəticəsində alveolitlər, bronxial astma və bronxitlər daha çox inkişaf edir və kəskinləşir. Ona görə də “bina xəstəliyi” deyilən xəstəlik nəticəsində evə girən xəstə asqırır, asmatik tutmalar baş verir. Təmiz havaya çıxanda həmin sindromların hamısı çəkilib gedir”.

Binaların hansı materialdan tikilməsi də mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, maqnit sahəsi beton binalarda 10, kərpic binada 7, ağacdan tikilmiş evlərdə isə 1 faiz zəifləyir. Yerin maqnit sahəsinin zəif olması atmosfer təzyiqinin yüksəkliyi, nisbi rütubət miqdarının normanı keçməsi, geomaqnit qasırğası kimi amillər insan orqanizminə birbaşa təsir edir. Həmin hallar arterial təzyiqli xəstələrin vəziyyətini daha da ağırlaşdırır.

İndi şəhərdə çoxmərtəbəli binaların tikilməsi qaçılmazdır. Lakin göydələnlərdə yaşayanlara plastik qapı-pəncərələrdən uzaq durmaq məsləhət görülür. Belə ki, evin təmirində nəfəs alan ağac materiallarına üstünlük verilməsi məqsədəuyğundur, çünki plastik qapı-pəncərələr radial şüaları əks etdirir. Bunun isə orqanizmə fəsadları müəyyən zamandan sonra üzə çıxır. “İnsanlarda stres, başağrıları artır, gözlərdə dumanlı görmə yaranır, yəni zəhər formasında beyinin funksiyasını zəiflədir. Çoxmərtəbəli binalarda yaşayanlar liftlərdən az istifadə etməyə çalışmalıdırlar, çünki azhərəkətlilik inkişaf edir. Uşaqlar üçün oyun meydançaları kiçik olduğundan piylənmə, azhərəkətlilik, damar problemlərinə aparıb çıxarır. Enib-qalxarkən pilləkənlərdən istifadə etmək məsləhətdir. Həyətyanı sahədə və parkda gündə ən azı 1 saat gəzmək tövsiyə olunur”, - deyə həkim-terapevt bildirib.

Alimlər çoxmərtəbəli binalarda yaşamağın ölüm riskini artırdığını açıqlayıblar: Aparılan araşdırmalardan sonra onlar infarkt keçirdikdən sonra həyatda qalma şanslarının yarıbayarı azaldığı qənaətinə gəliblər. Göydələnlərdə mütləq “təcili yardım” zamanı istifadə edilə biləcək xüsusi liftlər olmalıdır və ya hər beş mərtəbədən bir xəstəyə ilkin müdaxilə edə biləcək tibb bacısı fəaliyyət göstərməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.