REGİONLAR


CİNAYƏTKARLAR TAPILACAQ VƏ LAYİQLİ CƏZASINI ALACAQLAR
BU BƏYANATI DMANİSİ RAYONU HÜQUQ MÜHAFİZƏ  ORQANLARININ RƏHBƏRLƏRİ VERMİŞLƏR

Xəbər verildiyi kimi, dekabrın 2-də bir qrup silahlı quldur Dmanisi rayonunun Armudlu kəndində Rusiyanın “LUKoyl” şirkətinin vitse-prezidenti Vahid Şərifovun atası Sədi Şərifovun evinə basqın etmiş, ailənin bütün üzvlərini döyərək, iki nəfərə ağır bədən xəsarəti yetirmiş, Sədi kişini isə özləri ilə girov aparmışdır.

Belə söz-söhbət gəzir ki, guya quldurlar Sədi kişini qaytarmaq müqabilində onun qohumlarından 400 min ABŞ dolları tələb ediblər. Lakin Gürcüstanın Baş Prokurorluğundan və Daxili İşlər Nazirliyindən AZƏRTAC-ın müxbirinə demişlər ki, bu, şaiyədir, quldurlar hələ heç kimlə əlaqə yaratmayıblar.

Bu hadisə ilə əlaqədar Kvemo Kartli – Borçalı bölgəsinin qubernatoru Levan Mamaladze, onun müavini Əli Yüzbaşov, Dmanisi rayon icra hakimiyyətinin başçısı Şota Sixelaşvili, Gürcüstan Yeni Yol Partiyasının sədri Kamal Muradxanov, respublikamızın Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin idarə rəisləri Valeh Hacıyev, Rizvan Əliyev Armudlu kəndinə gələrək, vəziyyətlə ətraflı tanış olmuşlar. Rayonun hüquq mühafizə orqanlarının nümayəndələri quldurların izinə düşdüklərini bildirmiş və əmin etmişlər ki, onlar tezliklə tapılacaq və layiqli cəzalarını alacaqlar. V.Hacıyev kənd camaatına müraciət edərək demişdir ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Gürcüstandan keçməsini istəməyən bəzi qüvvələr Azərbaycanla Gürcüstanın arasını vurmaq üçün hər cür əməllərə əl atmağa çalışırlar. Odur ki, borçalılar ayıq-sayıq olmalıdırlar.

Sonra rayon mədəniyyət evində Dmanisidə yaşayan azərbaycanlılarla görüş keçirilmişdir. Görüşdə L.Mamaladze, Ə.Yüzbaşov, Ş.Sixelaşvili, Gürcüstan parlamentinin deputatı Mikayıl Mahmudov çıxış edərək, bölgədə sakinlərin təhlükəsizliyinin qorunması üçün görülən tədbirlərdən danışmışlar. V.Hacıyev bəzi iradlarını bildirərək, rayon mərkəzində Azərbaycan məktəbinin olmadığını və bunun nəticəsində ətraf kəndlərə oxumağa gedən uşaqların əziyyət çəkdiyini, əvvəllər gürcü və Azərbaycan dillərində çıxan “Dmanisi” qəzeti redaksiyasında Azərbaycan şöbəsinin bağlandığını da xatırlatmışdır. Bölgə qubernatoru rayon mərkəzində Azərbaycan məktəbinin açılması və qəzet redaksiyasında Azərbaycan şöbəsinin bərpa edilməsi haqqında rayon rəhbərliyinə qəti göstəriş vermiş və bu məsələlərin həllini şəxsən özü ciddi nəzarətdə saxlayacağını söyləmişdir.

Şahismayıl Məmmədov

AZƏRTAC-ın xüsusi müxbiri

Dmanisi rayonu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.