ELM VƏ TƏHSİL
CİNS ATLARIN GENOFONDUNU QORUMAQ ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR
Bioloji müxtəlifliyə dair respublikada həyata keçirilən tədbirlər içərisində sadalanan atların genofondunun qorunub saxlanması da diqqət mərkəzindədir. Mütəxəssislərin fikrincə, Azərbaycanın yerli genofondu sayılan atlar üç tipə bölünür: - Kiçik Qafqazın dağətəyi bölgələrində yayılmış ortaboylu “Qarabağ” və “Dilboz” cinsindən olan atları əhatə edən Kiçik Qafqaz tipi; Böyük Qafqaz dağ bölgəsində yayılmış kiçikboylu Quba atlarının qalıqlarının, Şəki-Zaqatala zonasının dağ atlarının daxil olduğu Böyük Qafqaz tipi; Kür-Araz ovalığında yayılmaqla “Şirvan” və “Qarabağ” atlarının cırlaşmış qalıqlarından ibarət Düzən tipi.
Ən qədim dağ minik at cinsinin - Azərbaycan atları içərisində ən görkəmli yer tutan “Qarabağ” atlarının genofondunun qorunub saxlanması və inkişaf etdirilməsi məqsədilə hələ 1946-cı ildən düşünülmüş seleksiya-damazlıq işləri aparılır. Bundan əlavə, respublikamıza ötən 50 il ərzində başqa ölkələrdən “təmizqanlı” minik atları - “İngilis”, “Ərəb”, “Terek”, “Türkmən “, “Budyonnı”, “Traken” və poni atları da gətirilmişdir.