ELM VƏ TƏHSİL


“CLS Turkish” proqramı çərçivəsində amerikalı tələbələr türk dilini öyrəniblər

Bakı, 14 avqust, AZƏRTAC 

Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil müəssisəsi ilə ABŞ Dövlət Departamentinin Amerika Şurasının birgə layihəsi olan “CLS Turkish” proqramının bağlanış mərasimi keçirilib. Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Proqram iştirakçılarını salamlayan beynəlxalq əlaqələr üzrə prorektor, “CLS Turkish” proqramının ADU üzrə direktoru, dosent Jalə Qəribova deyib: “Səkkiz həftə davam edən mənalı, rəngarəng və həyəcanlı günləri geridə qoyduq. Proqram müddətində Bakı haqqında çox maraqlı şeylər öyrəndiniz və zəngin təcrübə qazandınız. Proqram çərçivəsində siz Azərbaycanda ailə münasibətlərini və insanların bir-birini necə dəyərləndirdiklərini öyrəndiniz”.

Prorektor çalışqan və motivasiyalı olduqlarına görə amerikalı tələbələrə, onların müəllimlərinə, rezident direktora, ailələrə və proqram təşkilatçılarına təşəkkür edib.

Amerika Şurasının nümayəndəsi Elgün Məmmədov proqramın uğurla başa çatdığını söyləyib, bu proqrama qatılan hər kəsi təbrik edib və onlara uğurlar arzulayıb.

Amerikalı tələbələrlə iş üzrə rezident direktor Rebekka Barr 6 il öncə Ankarada bu proqramın iştirakçısı olduğunu qeyd edib: “Proqramın başa çatdığına inana bilmirəm. Azərbaycanda ilk dəfə oluram. Gəlməzdən öncə Bakının bu qədər gözəl olacağını düşünmürdüm. Burada özümü həm rahat, həm xoşbəxt hiss edirəm”.

Sonra amerikalı tələbələrə türk dilini öyrədən müəllimlər, həmçinin onları evlərində qonaq edən valideynlər fikirlərini bölüşüblər.

Bağlanış mərasimində amerikalı tələbələrin Bakıda və rayonlarda müxtəlif tarixi abidələri ziyarəti zamanı və dərs prosesində lentə alınmış fotoşəkillərdən ibarət videoçarx təqdim edilib.

Daha sonra amerikalı tələbələr türk dilində şeirlər səsləndirib və səhnəciklər göstəriblər.

Sonda tələbələrə hədiyyələr verilib.

Proqram çərçivəsində amerikalı tələbələr türk dilini öyrənməklə yanaşı, ölkəmizin bir sıra görməli yerlərinə səfər etmək imkanı qazanıblar. Tələbələr həmin ərazilərin tarixi abidələri, adət-ənənələri, əhalisinin həyat tərzi ilə yaxından tanış olublar. İyunun 15-dən başlayan “CLS Turkish” proqramı çərçivəsində amerikalı tələbələr 8 həftə ərzində türk dilini öyrəniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.