MƏDƏNİYYƏT
C.Məmmədquluzadənin ev-muzeyində keçirilən “Açıq qapı” günü Dünya Turizm Gününə həsr edilmişdir
Bakı, 27 sentyabr (AZƏRTAC). Sentyabrın 27-də Cəlil Məmmədquluzadənin ev-muzeyində Dünya Turizm Gününə həsr edilmiş “Açıq qapı” günü keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, gün ərzində muzeyi 70 nəfər ziyarət etmişdir. Ziyarətçilər arasında ziyalılar, ictimaiyyət nümayəndələri ilə yanaşı, Bakının 150 və 45 nömrəli məktəblərinin şagird və müəllimləri, “Gənc turistlər” dərnəyinin üzvləri də olmuşlar.
Tədbirdə “Muzeylərimiz tarixin daşıyıcılarıdır”, “Muzeylərimizin milli mənəvi dəyərlərimizin və mədəniyyət tariximizin gənc nəslə öyrədilməsində rolu”, “Bakı şəhərinin dini abidələri” və s. mövzularda çıxışlar dinlənilmişdir.
Muzeyin fondlarındakı materiallar əsasında hazırlanmış “Cəlil Məmmədquluzadə - Molla Nəsrəddin” sənədli-səyyar sərgisi və “Salnamə” studiyasının ulu öndər Heydər Əliyevin ədibin ev-muzeyinin açılışında iştirakına həsr etdiyi “Mirzə Cəlil ocağı” sənədli filmi nümayiş olunmuşdur.
Tədbirdə, həmçinin muzeyin əməkdaşları şagirdləri maraqlandıran sualları cavablandırmışlar.