DÜNYA


CNN: Avropada antisemitizm dalğası güclənir

Bakı, 27 noyabr, AZƏRTAC

Avropada antisemitizm heç vaxt yox olmayıb, bu qitədə yəhudilərə qarşı fobiya dalğası getdikcə güclənir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər CNN televiziyasının Avropanın yeddi ölkəsində keçirdiyi sorğunun nəticələri ilə bağlı hesabatının müqəddiməsində yer alıb.

Avropa ölkələrindən 7 min insanın iştirak etdiyi sorğuda respondentlərin dörddəbiri əminliklə bildirib ki, yəhudilər onların ölkələrində maliyyə və biznes sahələrinə hakimdirlər. Hər beş nəfərdən biri isə onların media və siyasətdə söz sahibi olduqları qənaətindədir. Bəzi ölkələrdə antisemitizm meyilləri daha güclüdür: Macarıstan əhalisinin 42 faizi hesab edir ki, yəhudilər bütün dünyada biznes və maliyyə sahələrində həlledici təsirə malikdirlər.

CNN-nin hesabatında vurğulanır ki, avropalıların 44 faizi antisemitizm dalğasının gücləndiyi qənaətindədir, onların daha az hissəsi – cəmi 18 faizi isə bunun səbəbinin yəhudilərin gündəlik davranışı ilə bağlı olduğunu düşünür. “Polşada əhalinin 50 faizi hesab edir ki, yəhudilər öz mövqelərini gücləndirmək üçün Holokost amilindən istifadə edib, macarların isə19 faizi onlarla birgə yaşamaq istəmədiklərini bildiriblər”, -deyə hesabatda vurğulanır.

Sorğunun nəticələrini şərh edən Polşanın baş ravvini Maykl Şudriç qeyd edib ki, antisemist əhval-ruhiyyə hər zaman olub, lakin bəzi insanların bunu açıq dilə gətirməsi düşündürücüdür. Onun sözlərinə görə, bu mənzərə heç də ürəkaçan deyil.

CNN-nin hesabatında qeyd edilir ki, İkinci Dünya müharibəsində altı milyondan çox yəhudinin qətlə yetirildiyi Almaniyada antisemist şüarlar səsləndirmək qanunla qadağandır. Buna baxmayaraq, Berlin və digər alman şəhərlərində keçirilən neonasist mitinqlərində yəhudilərin əleyhinə çağırışlar, nasist salamları adi hala çevrilib. Bu ölkəyə 1,4 milyon mühacirin gəlməsi almanların narazılığına səbəb olub, lakin bir çox hallarda neonasistlərin qəzəbi müsəlmanlara yox, yəhudilərə qarşı yönəlir. Son seçkilərdə tərəqqiyə nail olmuş “Almaniya üçün alternativ” partiyası isə almanları öz keçmişi ilə (yəhudilərin təqibi məsələsində) fəxr etməyə çağırıb.

Telekanalın sorğusunun nəticələrini şərh edən fransalı yəhudilər antisemitizmin yeni təzahürü ilə qarşılaşdıqlarını bildiriblər. Belə ki, Fransada yəhudilərə qarşı əhval-ruhiyyəni yerli əhali deyil, buraya mühacirət etmiş ərəblər qızışdırır. CNN kameralarının qarşısına çıxmaq istəməyən yəhudilər telekanala müsahibəsində bildiriblər ki, yerli əhaliyə qaynayıb qarışmaq və onlardan heç nə ilə fərqlənməmək daim bu icmanın məqsədi olub. Almaniyada Berlin yəhudi icmasının rəhbəri Doron Rubin də antisemitizmin buradakı ərəb-müsəlman mühacirlərdən qaynaqlandığını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.