MƏDƏNİYYƏT


CNN telekanalı “Əbədi məşəl: Azərbaycan necə Odlar yurdu oldu?” sərlövhəli reportaj hazırlayıb VİDEO

Bakı, 1 noyabr, AZƏRTAC

Dünyanın ən nüfuzlu telekanallarından biri olan CNN-in saytında “Əbədi məşəl: Azərbaycan necə Odlar yurdu oldu?” sərlövhəli reportaj yerləşdirilib.

AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, telekanal növbəti reportajını Azərbaycanın “vizit kartı” sayılan iki məkana – “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna həsr edib.

Reportajda bələdçi Rahilə Əliyevanın sözləri sitat gətirilir: “Bu məşəl dörd min əvvəl alovlanıb və heç vaxt sönməyib. Hətta yağış, qar və külək də onu söndürə bilmir”.

“Dağın yamacının 10 metrlik hissəsində alovlanan məşəl qızmar havanı daha da isti edir”, -deyə reportajda qeyd olunur.

CNN-in reportajında daha sonra vurğulanır: “Yanardağ Abşeron yarımadasında yerləşir və minilliklər ərzində Azərbaycana səyahət edənlərin marağına səbəb olan bir neçə kortəbii alov mənbələrindən biridir. XIII əsrdə italyan səyyahı Marko Polo bu sirli möcüzədən yazıb. Əcnəbi tacirlər getdikləri ölkələrdə əbədi məşəldən bəhs ediblər. Məhz bu səbəbdən Azərbaycan “Odlar yurdu” adlandırılıb”.

R.Əliyevanın sözlərinə görə, Yanardağdakı sönməz alov gecə vaxtı və ya qışda – qar dənəciklərinin yerə düşmədən havada əriməsi fonunda xüsusilə ecazkar görünür.

Qeyd edək ki, unikal təbiət möcüzəsi olan Yanardağ Abşeron yarımadasının görməli məkanlarından biridir. Bakıdan 27 kilometr şimalda, Abşeron yarımadasının Məhəmmədi kəndində yerləşən Yanardağın ətəyindən alov təxminən on metr eninə - əhəngdaşılı təpədən yüksəlir. Alovun dili təpənin ətəyindəki çıxıntının üzərində olan qumların arasındakı məsamələrdən çıxır. Yanardağla bağlı çoxlu əfsanələr mövcuddur. Qədim zamanlarda bu məkana Hindistan və İrandan atəşpərəstlər axın edirdilər.

Reportajda Azərbaycanda zərdüştiliyin yaranması tarixindən də qısa bəhs olunur. Qeyd edilir ki, bu iki məkan turizm baxımından əhəmiyyətli və cəlbedicidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.