DÜNYA
CORC ROBERTSON NATO ÖLKƏLƏRİNDƏ VƏ RUSİYADA HƏRBİ İSLAHATLARIN KEÇİRİLMƏSİNİ ZƏRURİ HESAB EDİR
NATO-nun baş katibi Corc Robertson həm alyans ölkələrində, həm də Rusiyada tezliklə hərbi islahatlar keçirilməsini zəruri hesab edir. O, RF Hesablama Palatasında ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşdə belə bir fikir söyləmişdir ki, “Rusiyanın təsirli və səmərəli silahlı qüvvələrə ehtiyacı vardır”.
Onun fikrincə, Rusiya silahlı qüvvələrdə islahatları nə qədər ləngidərsə, bu, ona bir o qədər baha başa gələcəkdir. Robertson onu da vurğulamışdır ki, “bu sahədə NATO ölkələrinin böyük təcrübəsi vardır və onlar bunu bölüşməyə hazırdırlar”.
İTAR-TASS-ın verdiyi xəbərə görə, NATO baş katibinin fikrincə, hərbi islahatların keçirilməsi, o cümlədən Rusiyanın NATO ölkələri ilə iqtisadi münasibətləri böyük fayda verə bilər. O demişdir: “Bu fayda silah sənayesi hüdudlarından kənara çıxacaqdır. Ticarətin və sərmayə qoyuluşunun, habelə kiçik və orta biznesin inkişafında nəzərə çarpacaq tərəqqi olacaqdır”.
Robertsonun sözlərinə görə, alyans da özünün “çoxsaylı, çox xərc tələb edən, lakin bunun müqabilində lazımi təhlükəsizliyi təmin edə bilməyən” silahlı qüvvələrini ixtisar etməlidir. Bu baxımdan beynəlxalq terrorizmlə yeni mübarizənin yeni üsullarını işləyib hazırlamaq lazımdır.
RF Hesablama Palatasının sədri Sergey Stepaşin isə demişdir ki, “NATO-nun elan etdiyi əsas vəzifə - beynəlxalq terrorizmlə mübarizə haram pullarla və korrupsiya ilə mübarizə aparılmadan uğur qazana bilməyəcəkdir.