DÜNYA
COVID-19: Fransada karantinin 4-cü həftəsi qaydaların daha da sərtləşdirilməsi ilə başlayıb
Paris, 7 aprel, AZƏRTAC
Fransada bu gündən təcridolma rejiminin 4-cü həftəsi başlayır. Ölkədə COVID-19 epidemiyası ilə əlaqədar tətbiq edilən təcridolma rejiminin yeni həftəsi qaydaların daha da sərtləşdirilməsi ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Paris prefekturası və meriyası bəyan edib.
Bildirilib ki, ölkədə fərdi idman praktikası məhdudlaşdırılıb. Parisdə insanlar səhər saat 10-dan axşam saat 7-dək idman etmək üçün evdən çıxa bilməzlər.
Şəhər meriyası bildirib ki, zəruri alış, eləcə də işə gedənlərlə eyni vaxtda fərdi idman praktikasına çıxanlar şəhər küçələrində insan sıxlığı yaradırlar. Küçələrdə eyni vaxtda çox insan olmasının qarşısını almaq məqsədilə bu qərar qəbul olunub.
Səhiyyə naziri Olivye Veran isə Fransanın COVID-19 epidemiyası ilə bağlı ağırlaşma mərhələsində olduğunu bildirərək, ölkənin hələ epidemiyanın pik dövründə olmadığını bəyan edib.
Xatırladaq ki, Fransada aprelin 6-da COVID-19 epidemiyasından ölənlərin sayı 833-ə çatıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris