DÜNYA
COVID-19: Fransada son sutkada 25 mindən çox yeni yoluxma qeydə alınıb
Paris, 30 iyul, AZƏRTAC
Son həftə ərzində Fransada xəstəxanalara daxil olan koronavirus xəstələrinin sayı 7236-ya çatıb. Reanimasiya şöbələrində 1015 xəstə intensiv müalicə alır. Son 24 saat ərzində reanimasiya şöbəsinə 91 yeni xəstə daxil olub. İyulun 29-da ölkədə 25 min 190 yeni yoluxma qeydə alınıb. Son həftə ərzində gündəlik yoluxma 20 mindən çoxdur. Ötən sutka xəstəxanalarda 29 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilib ki, koronavirusa yoluxma bütün yaş kateqoriyalarında qeydə alınıb. Ancaq 20-29 yaş kateqoriyasında hər 100 minə 613 yoluxma və ya 97 faiz artım müşahidə edilib. 10-19 və 30-39 yaş kateqoriyalarında olanlar arasında yoluxma 85 və 95 faizə çatıb. Xəstələrin 82,8 faizi koronavirusun “Delta” ştamına yoluxanlardır.
Fransada koronavirusa yoluxanların epidemiya göstəriciləri artmaqdadır. Son hesablamalara görə ölkədə hər 100 min sakinə 191 yoluxma düşür ki, bu da ötən həftə ilə müqayisədə 94 faiz artım deməkdir.
Fransanın dənizaşırı ərazilərində hissəvi karantin rejimi bərpa olunub. Axşam saat 18:00-dan səhər saat 05:00-dək komendant saatı tətbiq olunur.
Paster İnstitutu peyvənd kampaniyasının sürətləndiriləcəyi təqdirdə sentyabrda xəstəxanalara gündəlik daxil olan xəstələrin sayının 4800-dən 2500-ə düşəcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, Fransada əhalinin 51 faizi peyvənd olunub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris