DÜNYA
COVID-19: İspaniya şirkətlərinin təxminən yarısı 2021-ci ilin sonuna qədər bərpa olunacağına ümid edir
Madrid, 27 iyul, AZƏRTAC
İspaniya şirkətlərinin 43 faizi 2021-ci ilin sonuna qədər koronavirusdan (COVID-19) sonra aktivliyini tam bərpa edəcəyinə ümid bəsləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Kaizen institutu tərəfindən aparılmış tədqiqatda deyilir. Şirkətlərin yalnız 23 faizi hesab edir ki, bu məqsədə 2020-ci ilin dekabr ayında nail olacaqlar.
Hazırda İspaniya şirkətləri “yeni normallığın” şərtlərinə uyğunlaşır, xərcləri azaldırlar. Şirkətlərin 66 faizi xərcləri 10-30 faiz azaltmağa müvəffəq olub. İnvestisiya fəallığı ikinci plana keçib. Biznes strukturlarının təxminən 43 faizi layihələri “stand by” rejiminə keçirib. Sorğuda iştirak edənlərin 83 faizi yeni texnologiyalara qənaət etmək və yaşamaq üçün yeganə yol kimi baxırlar.
Kaizen institutunun ispan bölməsinin rəhbəri Borj İqlesias sorğunun nəticələrini belə şərh edib: “Ən real ssenari, İspaniya iqtisadiyyatında bir ildən beş ilə qədər davam edəcək geriləməni nəzərdə tutur”.
Sorğuda iri ispan şirkətlərinin, ictimai təşkilatların rəhbərləri və sahibləri iştirak ediblər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid