CƏMİYYƏT
COVID-19-a yoluxanların təcrid dövrü bitəndən sonra təkrar testdən keçmələri tələbinin tibbi əsası yoxdur
Bakı, 10 iyul, AZƏRTAC
Koronavirus bir xəstəlik kimi klinik olaraq dəyərləndirilir. Əgər bir xəstədə klinik olaraq sağalma baş verirsə, onun təkrar testdən keçirilməsi tələb olunmur.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
“Testlər əsasən burun, udlaq və boğazdan alınan yaxmalarla aparılır. Başqa ölkələrin təcrübələrində bəzi xəstələr tam sağaldıqdan sonra onlarda virusun genetik materialı qaldığı üçün pozitivlik aşkarlanması hallarına rast gəlinib. Lakin onlar artıq yoluxdurucu sayılmırlar. Vətəndaş özü xəstəlik keçiribsə və izolyasiya dövrünü bitiribsə, ailəsində aktiv COVID-19 xəstəsi olsa da o, artıq yoluxucu sayılmır. Xəstəliyi keçirmiş insanlarda immunitet də yaranır. Ona görə də həmin şəxslər izolyasiya dövrünü bitirəndən sonra tam rahat şəkildə işə çıxa bilərlər. İdarələrdə onlardan test tələb olunması halı ilə rastlaşırıq. Virusa yoluxan vətəndaşın 21 günlük izolyasiya dövrü bitəndən sonra ondan mütləq test tələb olunmasının tibbi əsası yoxdur”.