MƏDƏNİYYƏT
COVID-19 epidemiyasına görə fransızlar milli turizm sahələrinə üz tutacaqlar
Paris, 6 may, AZƏRTAC
Bu il fransızlar yay tətilini milli çərçivədə keçirəcəklər. Həmişə olduğu kimi bu il yay tətilində min kilometrlərlə məsafə qət etmək istisnadır.
AZƏRTAC xəbər verir ki, bu haqda turizm üzrə dövlət katibi Jan-Batist Lömuan deyib.
J.-B. Lömuan qeyd edib ki, turizm yerli çərçivədə yenidən bərpa olunacaq, yəni turizmin bərpasında ilk amil milli turizm olacaqdır. Artıq yay tətili üçün rezervasiya etmiş insanlar rezervasiya vaxtını 15-20 gün geri çəkməlidirlər. Təcrid olma rejimindən çıxmaq mayın 11-də başlayır, mayın sonuna doğru virusun yayılma vəziyyətindən, eləcə də sanitar vəziyyətdən asılı olaraq yay tətili ilə bağlı fikir yürüdüləcək. İnsanlara təhlükə yaratmaq istəmirik. Eyni zamanda, mütəxəssislər üçün də iqtisadi təhlükə yaratmaq istəmirik, çünki indidən hazırlaşmaq ehtiyat görməyi, fəsli işçiləri qəbul etməyi tələb edir. Əgər təsadüfən təcrid olma rejimindən bir müddət sonra vəziyyət gözlənildiyi kimi deyil, əksinə pis olarsa, bu onlar üçün çətin olacaq. Fransızların sağlamlığı ilə oynamaq olmaz.
Turizm üzrə dövlət katibinin sözlərinə görə, bu il yay tətili həmişəkindən fərqli olacaq: “Şengen sərhədləri, eləcə də Avropanın sərhədləri hələ bir müddət bağlı qalacaq. Fransızlar ölkələrinin ərazilərini, mədəni və tarixi irsini ziyarət etməli olacaqlar. Bu il Fransızlar turizmi fərqli formada təcrübədən keçirəcəklər. Çünki sanitar qarantiyaya ehtiyac var. Səhiyyə üzrə mütəxəssislər sağlamlığın təminatı üçün sanitar protokol üzərində işləyir”.
Ölkədə çimərliklərin açılması ilə bağlı bildirilib ki, yalnız iyunun 2-dən sonra çimərliklər istifadəyə verilə bilər.
“1936-cı ildə ödənişli məzuniyyət sosial vəziyyətin fəthi üçün idi. 2020-ci ildə isə yay tətili sağlamlığın fəthi üçün olacaq. Yavaş-yavaş epidemiyanın dairəsini qısaltmalıyıq”,-deyə turizm üzrə dövlət katibi diqqətə çatdırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris