CƏMİYYƏT


COVID-19 mövcud ürək xəstəliklərinin ağırlaşmasına səbəb olur

Bakı, 26 noyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim-kardioloq İlqar Tahiroğlu ürək xəstəlikləri barədə müsahibə verib. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Sinə ağrılarının hər zaman ürəklə əlaqəsi varmı?

- İnfarktın ən çox görülən simptomu sinə ağrısıdır. İnfarkt ilə müşayiət olunan ağrı tez-tez sinədən sol qola doğru yayılır. Yəni, hər sinə ağrısı infarkt deyil. Sinə ağrısının müxtəlif səbəbləri ola bilər. Bu səbəblərdən ən çox rast gəlinənlər həzm sistemi ilə bağlı inkişaf edən xəstəliklər, xoralar, öd kisəsində yaranan problemlər, ürək-skelet sistemi pozuntularıdır. Sinə ağrısı psixoloji faktorlarla da əlaqəli ola bilər. Məsələn, panik atak keçirən xəstələrin sinə ağrısından əziyyət çəkdiyi məlumdur.

- İnfarktın səbəbi nədir və qarşısını necə almaq olar?

- İnfarkt ürəyə qan götürən damarlardakı tıxanıqlığa bağlı olaraq əmələ gələn zədələnməyə verilən addır. Bütün orqanlar qan vasitəsilə qidalandığı üçün orqanlara qanın normal miqdarda getməməsi qidalanma pozuntusunu meydana çıxarır və bu, ürəkdə olduğu zaman infarkt baş verir. İnfarkta təkan verən müəyyən səbəblərə onlara yüksək xolesterin, diabet, genetik faktorlar, siqaret, artıq çəki və piylənmə, alkoqol istifadəsi və s. daxildir.

- Qan təzyiqinin yüksəlməsinin səbəbi nədir?

- Normalar zaman-zaman dəyişsə də, yüksək qan təzyiqinin olması barədə danışmaq üçün sistolik təzyiqin 140 millimetr civə sütunundan yuxarı və diastolik təzyiqin 90 millimetr civə sütunundan yuxarı olması kifayətdir. Yüksək təzyiqin yaranması ilkin və ikincili səbəblər olaraq dəyərləndirilir. İlkin səbəblər ürək mənşəli olur. Bunlara ürək çatışmazlığı, ürəkdəki zəifləmə, ürək klapanlarındakı problemlər aiddir.

İkincili yüksək təzyiqin əsas səbəblərindən biri də böyrəyə qan götürən damarlardakı darlıqdır. Daha çox gənc xəstələrdə görünən bu problem nəticəsində yüksək təzyiq dərmanlarla idarə oluna bilmir. Bəzi vərdişlərin və genetik meyilliyin də təzyiqin davamlı yüksəlməsində mühüm rolu var. Duz istehlakı, stres, artıq çəki buna nümunə göstərilə bilər. Digər tərəfdən qalxanabənzər vəzi, böyrək çatışmazlığı, şəkər xəstəliyi kimi xəstəliklər də yüksək təzyiqə səbəb ola bilər.

Yüksək təzyiq zamanında müdaxilə edilməzsə, ağır fəsadlar əmələ gətirir. Ürək-damar sistemində, beyin qan dövranında pozuntular və buna bağlı olaraq insult, damar divarlarındakı problemlər, böyrəkdə baş verən problemlər yüksək təzyiqin nəticəsi kimi yarana bilir. Ona görə, yüksək təzyiq mütləq şəkildə erkən diaqnoz qoyulub nəzarət altına alınmalıdır. Bir çox halda həyat tərzi dəyişikliyi, duz miqdarının azaldılması və hərəkətliliyin artırılması ilə təzyiq dərman müdaxiləsinə gərək qalmadan rahatlıqla nəzarət altına alınır.

- Yeni növ koronavirus (COVID-19) infeksiyası laxtalanmaya səbəb olmaqla infarkt riskini artırırmı?

- COVID-19 infeksiyası tənəffüs yollarının xəstəliyi kimi görünsə də, xəstəliklə bağlı ölümlərin üçdəbiri ürəklə əlaqəli səbəblərə görə baş verir. Bu ölümlər ya ciddi ritm pozuntusu, ya da ürəyin zədələnməsinin nəticəsidir. Buna görə də reanimasiya şöbələrində ürəklə bağlı ölümlər ön plandadır. COVID-19 virusu əsasən damarların tutulmasına səbəb olur. Buna görə də infeksiya əsasən damar olan yerdə ciddi problemlər yarada bilər. Virusun yaratdığı ən mühüm problem onun damardaxili laxtalanmaya səbəb olmasıdır. Bu vəziyyət bir tərəfdən ağciyərlərdə tutulmaların əsasını təşkil edir, digər tərəfdən də infarkt keçirməyi asanlaşdıran faktor kimi görünür.

- COVID-19 mövcud ürək xəstəliklərinin ağırlaşmasına səbəb olurmu?

- Bəli, COVID-19 virus mənşəli xəstəlikdir və bütün orqanlara mənfi təsir göstərdiyi kimi ürəkdən də yan keçmir. Özəlliklə ürək çatışmazlığı, ürək xəstəlikləri olan xəstələr COVID-19-u daha ağır keçirir. COVID-19 ürəkdə ən önəmlisi ürək əzələsinin iltihabına səbəb olur. Bu iltihaba bağlı olaraq bütün əzələ gücü zəifləyir və ürək çatışmazlığına gətirib çıxarır. Digər əsas zədələnmə də ürəkdə ciddi aritmiyalara səbəb olur. Bu, xəstədə mədəcik mənşəli döyüntü pozuntusu yaranır və ürək dayanmasına qədər gətirib çıxarır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.