CƏMİYYƏT
COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə aralıq baxış keçirilib
Bakı, 13 may, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Proqramının Cənubi Qafqaz üzrə Mərkəzi və Azərbaycan nümayəndəliyi Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və ÜST-nin həyata keçirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə seçilmiş mərhələlər üzrə aralıq baxışı keçirib.
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, yerli səhiyyə qurumları və tərəfdaşların iştirakı ilə keçirilmiş COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə aralıq baxış ölkə səviyyəsində koordinasiya, planlaşdırma və monitorinq, xəstələrin idarə edilməsi, innovativ yanaşmalar haqqında biliklərin bölüşülməsi və son tədqiqatlar, epidemioloji nəzarət, yoluxma hallarının aşkarlanması və təmasın izlənməsi, habelə infeksiyanın qarşısının alınmasını və ona nəzarəti əhatə edir.
Missiya çərçivəsində ilkin nəticələrin və müzakirələrin plenar təqdimatı keçirilib. Ən yaxşı təcrübələri, boşluqları və nəticə etibarilə gəlinən qənaətləri müəyyən etmək və COVID-19-la bağlı vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş qısa və uzunmüddətli fəaliyyət planını təklif etmək məqsədilə iştirakçılar milli və regional səviyyələrdə ictimai səhiyyə və fövqəladə hallara cavab sistemlərinin funksional imkanlarını nəzərdən keçiriblər. Müvafiq prosesləri idarə etmək üçün müəyyən edilmiş tədbirlərin hər biri cavabdeh qurumlara həvalə edilib.
İştirakçılar və səhiyyə qurumlarının rəsmiləri təcrübə mübadiləsini, habelə çətinlikləri və qabaqcıl təcrübələri müəyyən etməklə COVID-19 əleyhinə ölkədaxili cari cavab mexanizminin birgə təhlilinin təmin edilməsi baxımından aralıq baxışın ölkə üçün son dərəcə önəmli olduğunu vurğulayıblar.
Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü Aİ-nin maliyyə dəstəyi ilə ÜST-nin Azərbaycan ölkə ofisi tərəfindən həyata keçirilən COVID-19 pandemiyasına qarşı mübarizəyə dəstək layihəsidir. Layihə gələcəkdə baş verə biləcək pandemiyalara qarşı dayanıqlı cavab potensialının formalaşdırılmasına yardım göstərilməsini hədəfləyir və Aİ ilə ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.