DÜNYA
COVID-19 səbəbindən Avropada istehlak xərclərini daha çox məhdudlaşdıran Estoniya sakinləri olub
Tallinn, 29 iyul, AZƏRTAC
COVID-19 pandemiyası səbəbindən Estoniya sakinlərinin 65 faizi gündəlik istehlak xərclərini azaldıblar ki, bu da Avropada ən yüksək göstəricidir. Bununla belə, Estoniyada pərakəndə ticarət pandemiyadan sonra sürətli bərpa prosesi nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Avropada kreditlərin idarə edilməsi şirkəti “Intrum” yayıb.
Estoniyadan sonra ikinci yeri Fransa (respondentlərin 47 faizi xərclərini azaldıb), üçüncü yeri isə İrlandiya tutur (46 faiz). Latviya və Litvada istehlak xərcləri müvafiq olaraq 42 faiz və 48 faiz azalıb. Bu göstərici Avropa İttifaqı üzrə ortalama göstəricidən (36 faiz) yüksəkdir.
Pandemiyanın təsiri ilə istehlak vərdişlərində ən az dəyişiklik Macarıstan (21 faiz), Avstriya, Danimarka və Almaniyada (hər birində 23 faiz) qeydə alınıb.
Estoniyada uşaqlı ailələr istehlak xərclərini artırdığı halda, digər Baltikyanı ölkələrdə belə ailələr istehlak xərclərini azaldıblar.
Qeyd edilib ki, COVID-19-la bağlı araşdırma çərçivəsində 24 Avropa ölkəsində 4800 nəfər arasında sorğu aparılıb. Sorğuda iştirak edən şəxsləri ev təsərrüfatlarının maliyyə məsələsinə tam və ya qismən cavabdeh olan 18 yaşdan yuxarı kişilər və qadınlar təşkil edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn