COVID-19 testinə çəkilən xərclər gəlirdən çıxıla bilər
AzerTAg.az
Bakı, 12 fevral, AZƏRTAC
Pandemiyanın həm iqtisadi, həm də sosial baxımdan mənfi təsirlərinin qarşısının alınması üçün vergi yolu ilə bir sıra dəstək mexanizmləri müəyyən olunub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Postpandemiya dövründə vergi sistemi” mövzusunda keçirilmiş konfransda sahibkarların suallarını cavablandıran Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva səsləndirib.
S.Musayeva deyib ki, sahibkarların öz işçilərini COVID-19 testinə cəlb etmək üçün çəkdiyi xərclər gəlirdən çıxıla bilər: “Dəstək mexanizmlərdən biri də odur ki, istənilən sahibkarlıq subyektində pandemiya ilə mübarizə məqsədilə həyata keçirilən zəruri profilaktik dezinfeksiya tədbirləri çərçivəsində çəkilən xərclər gəlirdən çıxılan xərclərə aid edilə bilər. COVID-19 testinin keçirilməsi də profilaktik tədbirdir. Sahibkar tərəfindən həmin testlə bağlı çəkilən xərclər qanunla müəyyənləşdirilən qaydada sənədləşdirilirsə, məhdudiyyət qoyulmadan gəlirdən çıxılan xərcə aid edilə bilər”.

Xəbərin mətnində orfoqrafik səhv var