CƏMİYYƏT


COVID-19-un uzunmüddətli nəticələri hələ lazımınca öyrənilməyib

Bakı, 31 oktyabr, AZƏRTAC

COVID-19-un uzunmüddətli nəticələri hələ lazımınca öyrənilməyib, lakin bir məsələ aydındır ki, bu xəstəliyin ən müxtəlif simptomları həftələrboyu, hətta aylarboyu davam edir, kişilər, qadınlar, gənclər və uşaqlar bu simptomlardan tezliklə xilas ola bilmir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru doktor Tedros Adhanom Qebreyesus söyləyib. O deyib: “Bəzi adamlar öskürür və təngnəfəs olur, digərlərinin ağciyər, ürək kimi mühüm orqanları zədələnir, üçüncülər nevroloji və psixoloji problemlərlə üzləşirlər. Sağalma prosesi bəzən uzun müddət tələb edir, həm də ağırlaşmalar istər xəstəxanalarda, istərsə də ev şəraitində müalicə olunmuş insanlarda müşahidə olunur.

Liverpul Tropik Təbabət Məktəbinin professoru Pol Qarner bildirib ki, xəstəliyin simptomları tez-tez təkrarlanır, azacıq fiziki gərginlik zəifləməyə səbəb olur. P.Qarner deyib: “Mən yalnız indi, infeksiyaya tutulandan yeddi ay sonra idman məşğələlərimi bərpa edə bilmişəm, o da yüngül formada. İki həftə bundan əvvəl isə nəhayət, yumor hissim özümə qayıdıb”.

ÜST-nin fövqəladə vəziyyətlər şöbəsinin direktoru Mark Rayan jurnalistlərin suallarına cavab verərək qeyd edib ki, səfərlərə, o cümlədən beynəlxalq səfərlərə çıxmaq o qədər də təhlükəli deyil: sərnişinlərin qorunması üçün kifayət qədər tədbirlər görülüb. Onun sözlərinə görə, səfərə çıxan insanın gəldiyi və getdiyi ölkələrdə epidemioloji vəziyyət mühüm rol oynayır. Hazırda bir sıra dövlətlərə gəlmək üçün tələb olunan testlərin nəticələri təhlükəsizliyə təminat vermir: yaxma götürülən anda xəstəlik əlamətləri olmayan insan cəmi iki gündən sonra yoluxa və xəstələnə bilər.

Virusun mutasiyası məsələsinə gəldikdə isə texniki ekspert Mariya van Kerkhovun sözlərinə görə, hər hansı başqa törədicilər kimi bu virus da mutasiya edir və ÜST müntəzəm olaraq tərəfdaş ölkələrdən dəyişmiş virusların genetik “portretlərini” alır. O deyib: “Bizi narahat edən bu dəyişikliklərin virusun yayılma qabiliyyətinə necə təsir etməsi, xəstəliyin gedişinin necə dəyişməsi deyil, bu dəyişmənin nəticəsi, vaksinin nə dərəcədə səmərəli olması, bu mənada koronavirusun nə qədər sabit olmasıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.