DÜNYA
COVID-19 virusunun peyvəndlərə davamlı yeni ştamı Avstraliyaya çatıb
Tokio, 29 oktyabr, AZƏRTAC
COVID-19 virusunun peyvəndlərə davamlı yeni XBB ştamı Avstraliyaya çatıb.
AZƏRTAC Avstraliya KİV-ə istinadla xəbər verir ki, ölkənin səhiyyə orqanları son həftədə 31 min 636 yeni yoluxma halının qeydə alınması barədə məlumat yayıb. Bu, ötən həftə olduğundan 2,2 faiz çoxdur və ümumi yoluxanlar arasında virusun XBB ştamı üçdəbir faizdir.
Qeyd edilir ki, peyvəndlərə qarşı davamlı olduğu bildirilən və bir neçə həftə əvvəl Sinqapurda qeydə alınan XBB ştamı artıq Avstraliyada da yayılmağa başlayıb.
Avstraliya KİV Sinqapurda virusa yoluxanların sayı gün ərzində iki dəfə artdıqdan sonra XBB-ni “kabus ştam” adlandırıb.
Xatırladaq ki, Avstraliyada iki həftə bundan əvvəl COVID-19-a yoluxma ilə bağlı müsbət testə malik olanlar üçün məcburi təcrid edilmə ləğv olunub. Karantin rejiminin aradan qaldırılması barədə qərar COVID-19-la bağlı göstəricilərin aşağı düşməsi və ölkə əhalisinin əksəriyyətinin peyvənd olunması ilə bağlı qəbul edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio