CƏMİYYƏT


COVID-19 xəstələrinin müalicəsində Olimpiya komplekslərinin üstün cəhətləri onların havalandırma sistemlərinin olmasıdır

Bakı, 5 avqust, AZƏRTAC

Abşeron və Hövsan Olimpiya İdman komplekslərində təxminən hər biri 280 çarpayılıq olmaqla müvəqqəti tibb müəssisələri yaradılıb. Bu komplekslərin üstün cəhətləri onların mərkəzi havalandırma sistemlərinin olmasıdır. COVID-19 xəstələrinin müalicəsində bu, çox önəmlidir. Bu işlər COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkə rəhbərliyinin tapşırığı əsasında həyata keçirilib. Biz COVID-19 pandemiyası ilə mübarizədə bütün imkanları dəyərləndirməyə çalışırıq.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı vurğulayıb ki, bu komplekslər çirkli havanın xaricə atılması və təmiz havanın içəriyə ötürülməsi üçün havalandırma sistemləri ilə təchiz edilib. Abşeron və Hövsan Olimpiya İdman komplekslərinin nəzdində yaradılmış müvəqqəti xəstəxanalar ölkə rəhbərliyinin tapşırığı ilə qısa müddətdə hazırlanıb və ən yüksək standartlara cavab verir. Komplekslərdə yaradılmış tibb müəssisələrində 10 yataqdan ibarət intensiv terapiya blokları yaradılıb ki, bu da ağır vəziyyətdə olan xəstələrin müalicəsi ilə məşğul olmağa imkan verir.

“Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının sağlamlığının təmin edilməsi üçün ciddi tapşırıqlar verib. Bu gün görülən müvafiq preventiv tədbirlər nəticəsində ölkəmizdə yoluxmaların sayı azalmağa doğru gedir. Bu işlər çərçivəsində lazım olan bütün addımlar atılır. Xəstəxanalarda fəaliyyət göstərmək üçün yerli və xarici mütəxəssislərin köməyi ilə tibb işçiləri hazırlanır. Biz vətəndaşlarımızın sağlamlığı üçün bundan sonra da səylərimizi əsirgəməyəcəyik. Hazırda kifayət qədər çarpayı ehtiyatlarımız var. Bakıda çarpayı fondumuz 30-35, regionlarda isə 20-25 faizdir”, - deyə TƏBİB-in İdarə Heyətinin sədri qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.