İDMAN
CÜDOÇULARIMIZ BEYNƏLXALQ TURNİRƏ HAZIRLAŞIRLAR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın cüdo üzrə kişilərdən ibarət yığma komandası aprelin 1-2-də Belarusun paytaxtı Minskdə “A” kateqoriyalı beynəlxalq turnirdə iştirak edəcəkdir.
Yarışda ölkəmizi baş məşqçi Ağayar Axundzadənin rəhbərliyi ilə Zaur Bağırlı, Emin Arzumanov (hər ikisi 60 kq), Ramin Qasımov, Cəfər Cəfərli (hər ikisi 66 kq), son dünya kubokunun bürünc medalçısı Elnur Məmmədli (73 kq), Fərid Allahverdiyev, Araz Muxtarov (hər ikisi 81 kq) və Qədir Qədirov (100 kq-dan yuxarı) təmsil edəcəklər.
Turnirdən sonra cüdoçularımız Minskdə təlim–məşqləri keçəcək, oradan isə aprelin 8-9-da Moskvada “A” kateqoriyalı növbəti yarışda iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtına yola düşəcəklər.
Bu yaxınlarda Niderlandda keçirilmiş yarışda qızıl medala layiq görülmüş Mehman Əzizov (81 kq) yığma komandanın heyətinə Moskva turnirində qoşulacaqdır.