ELM VƏ TƏHSİL


Cabir Novruzun 90 illik yubileyinə həsr olunan tədbir

Bakı, 29 mart, AZƏRTAC

Paytaxtdakı 314 nömrəli tam orta məktəbdə Cabir Novruzun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qonaqlar öncə şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Məktəbin direktoru Fəzail Məmmədov Ulu Öndərin anadan olmasının 100 illiyi çərçivəsində təhsil müəssisələrində yubileyi olan dahi şəxsiyyətlərə həsr olunan tədbirlərin davamlı xarakter almasını təqdirəlayiq addım kimi qiymətləndirib.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva “Heydər Əliyev İli” çərçivəsində təhsil ocağında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şeirləri dillər əzbəri olan, sözlərinə yazılan mahnılarla böyükdən-kiçiyə hər kəsin yaddaşında yaşayan Cabir Novruzun 90 illik yubileyinin qeyd edilməsinin təsadüfi olmadığını söyləyib. Bildirib ki, ədəbiyyata böyük maraq göstərən Heydər Əliyev bütün fəaliyyəti dövründə ədəbi mühitə daim qayğı ilə yanaşıb, yazıçı və şairlərin böyük hamisi olub. Cabir Novruz poeziyasının XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən biri olduğunu vurğulayan idarə müdiri şairin yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən, hər misrası aforizmə çevrilən yaradıcılığının məktəblilər arasında təbliğini yüksək dəyərləndirib.

Milli Məclisin deputatı Qənirə Paşayeva yeni dövr Azərbaycan ədəbiyyatının son yarım əsrdəki inkişafında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, şair və yazıçıların yaradıcılıq görüşlərində Ulu Öndərin iştirakı, etdiyi çıxışları onun ədəbiyyata, sənət adamlarının yaradıcılığına necə dərindən nüfuz etdiyindən xəbər verirdi.

Qənirə Paşayeva Cabir Novruzun yüksək mənəviyyata səsləyən yaradıcılığı barədə danışarkən bildirib ki, şair poeziyası ilə vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib, yaradıcılığının başlıca mövzuları azərbaycançılıq ideyaları ilə sıx bağlı olub.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, “Unity company”nin direktoru Fikrət Əliyev çıxış edərək məktəblilərin vətənpərvər, milli ruhda yetişmələri üçün belə tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Sonra şagirdlərin ifasında Cabir Novruzun şeirləri səsləndirilib, sözlərinə yazılmış mahnılar ifa olunub, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Sonda deputat Qənirə Paşayeva tərəfindən şagirdlərə müxtəlif kitablar hədiyyə edilib. Eyni zamanda “Unity company” şirkəti tərəfindən bir məktəblinin təhsil xərclərinin qarşılanacağı açıqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.