REGİONLAR
“Cahan” MMC-də yanğın-taktiki məşğələ keçirilib
Naxçıvan, 13 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətində “Ticarət mərkəzində yanğın zamanı işçilərin fəaliyyəti” mövzusunda keçirilən əməli məşğələ başa çatıb.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məşğələ bir mərhələdə 3 təlim nöqtəsində həyata keçirilib.
İlk növbədə, “Cahan” MMC-nin rəhbər heyətinin və mülki müdafiə qüvvələrinin yanğının qarşısının alınması üzrə hazırlığı yоxlanılıb, ticarət mərkəzində şərti baş vermiş yanğın zamanı könüllü yanğınsöndürmə komandasının fəaliyyətinə qiymət verilib. Daha sonra yanğın оcağında maddi vəsaitlərin xilas edilməsi və zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi praktiki olaraq məşq etdirilib.
Keçirilən əməli məşğələyə “Cahan” MMC-nin 30 nəfər şəxsi heyəti cəlb olunub. Məşğələdə qarşıya qoyulmuş məqsədlərə nail olunub, könüllü yanğınsöndürmə komandası və digər mülki müdafiə qüvvələri təcrübə qazanıb. Müəssisənin yanğın cəhətdən potensial təhlükəli obyekt olduğundan gələcəkdə bu kimi təlimlərin vaxtaşırı keçirilməsi vurğulanıb.
Qeyd edək ki, məşğələnin keçirilməsində məqsəd ticarət mərkəzində yanğın zamanı yaranmış vəziyyətin qiymətləndirilməsi və qərarların qəbulu üzrə rəhbər, kоmandir-rəis heyətinə təcrübə qazandırmaq, şərti baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılması üzrə mülki müdafiə qüvvələrinin uzlaşmış fəaliyyətini təşkil etməkdən ibarət olub.