MƏDƏNİYYƏT
Cahana sığmayan düha...
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Yasamal Rayon Gənclər və İdman İdarəsi və İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 53 nömrəli tam orta məktəbdə İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar “Cahana sığmayan düha” adlı əruz vəznində şeir müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqə Yasamal rayonunun 13, 20, 21, 31, 53, 60, 158, 173, 175, 176, 225 və 286 nömrəli ümumtəhsil məktəbləri arasında təşkil edilib.
Tədbirdə təhsil ocaqlarının ədəbiyyat müəllimləri, şagirdlər iştirak ediblər. Şeir müsabiqəsini qiymətləndirən münsiflər Nəsiminin ömür yolu və yaradıcılığına aid çıxışlar edərək qeyd ediblər ki, Nəsimiyə görə insan öz gözəl əməlləri ilə əbədiyyətə qovuşa bilər. O, “Mən əbədiyyət üfüqündə doğan eşq günəşiyəm” deməklə insanlığa xidmət etməyi, ömrünü mənalı keçirərək özündən bir yadigar, örnək qoymağı bacarıb.
Sonra şagirdlərin ifasında Nəsiminin yaradıcılığında yer alan müxtəlif qəzəllər səsləndirilib. Müsabiqə İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinin sədaları ilə başa çatıb.
Yekun nəticələr hər bir münsifin verdiyi qiymətlər toplandıqdan sonra elan ediləcək.