QAN YADDAŞI


Cakartada İndoneziyalı jurnalistlərin iştirakı ilə Xocalı soyqırımına dair videokonfrans keçirilib

Cakarta, 22 fevral, AZƏRTAC

Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Cakartada Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, “Ermənistan tərəfindən mülki şəxslərin qətli: 1992-ci il qətliamından 2020-ci il raket hücumlarınadək” mövzusunda videokonfransda İndoneziya Respublika Radiosunun, “X Channel” radiosunun, “Republika”, “Pasundan Express” qəzetlərinin, “TribuneNews”, “Detik.com”, “Sindo News”, “Warta Kota”, “G-prority”, “Watra Pena News” kimi nüfuzlu saytların jurnalistləri, İndoneziya və Bakri universitetlərinin nümayəndələri, ASEAN Gənclər Təşkilatının və “Duta Bahasa” təşkilatının üzvləri, bir sıra tanınmış blogerlər iştirak ediblər. ASEAN Gənclər Təşkilatının hökumətlə əlaqələr bölməsinin rəhbəri, fəal bloger Annisa Fadilanın moderatorluğu ilə keçən videokonfransda əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev çıxış edərək, 1992-cı il fevralın 25-dən 26-na keçən gecə törədilən, XX əsrin ən böyük qətliamlarından biri olan Xocalı soyqırımı, bu soyqırımına qədər baş vermiş siyasi və hərbi proseslərə dair geniş məlumat verib. Səfir, həmçinin İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı təcavüz aktı, habelə mülki əhaliyə və yaşayış infrastrukturlarına raket hücumlarının həyata keçirilməsi nəticəsində çox sayda insanın, xüsusilə uşaq və qadınların həlak olması, yüzlərlə insanın yaralanması barədə danışıb. Ermənistan silahlı qüvvələrinin Birinci Qarabağ müharibəsi zamanı qadın, uşaq, yaşlı insanlara fərq qoymayaraq, törətdiyi qətliamları İkinci Qarabağ müharibəsi zamanı da davam etdirdiyini xüsusi vurğulayıb.

Bununla yanaşı, səfir ötən ilin sentyabr-noyabr aylarında baş vermiş müharibədən sonra uzun illər işğala məruz qalmış torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən azad edildiyini videokonfrans iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Heydər Əliyev Fondu tərəfindən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış “Xocalı soyqırımı” adlı sənədli film nümayiş etdirilib.

Videokonfrans iştirakçılarının Xocalı soyqırımına, Ermənistan-Azərbaycan münaqişəsinin, o cümlədən İkinci Qarabağ müharibəsinin nəticələrinə, Azərbaycan-İndoneziya münasibətlərinə dair sualları səfir tərəfindən ətraflı cavablandırılıb və əlavə məlumatlar verilib.

Sonda səfir C.Mirzəyev Xocalı soyqırımı zamanı həlak olan şəhidlərimizi bir daha yad edərək, videokonfransda iştirak edənlərə minnətdarlığını bildirib, bu qətliamın İndoneziyada daha geniş şəkildə işıqlandırılacağına ümidvar olduğunu deyib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.