SİYASƏT
Camal Abdul Səttar Məhəmməd: “Azərbaycanda yüksək səviyyədə tolerantlıq gördüm”
Bakı, 20 dekabr (AZƏRTAC). Azərbaycanda yüksək səviyyədə tolerantlıq gördüm. Bununla yanaşı, burada başqa dinlərə mənsub olan insanlara qarşı heç bir düşmənçilik münasibətinə rast gəlmədim.
Bunu “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda birinci Beynəlxalq Bakı Forumunun iştirakçısı, Misir Ərəb Respublikası vəqflər nazirinin müavini Camal Abdul Səttar Məhəmməd AZƏRTAC-a müsahibəsində bildirmişdir.
Forumun əhəmiyyətindən danışan misirli qonaq demişdir ki, müasir dövrdə dövlət və din münasibətlərinə təsir edən bu cür mövzularda tədbirlərin keçirilməsinə ciddi ehtiyac vardır. Dünyada baş verən münaqişəli vəziyyətlərdən çıxış yolu tapmaq üçün ziyalıların, düşüncə sahiblərinin bir yerə toplanaraq belə uğurlu tədbirlər keçirməsini yüksək qiymətləndirirəm.
Misir-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan Camal Abdul Səttar Məhəmməd ölkələrimiz arasında tarixən mövcud dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da davam edəcəyinə və möhkəmlənəcəyinə əminliyini bildirmişdir. Misir xalqının bütün müsəlman xalqlarına, xüsusən də, azərbaycanlılara böyük ehtiramı vardır. Misir dövləti bütün müsəlman ölkələri ilə, o cümlədən Azərbaycan ilə əməkdaşlığı genişləndirməyə səy göstərir. Bu əməkdaşlığın bütün sahələrdə həyata keçirilməsinə tərəfdarıq.
Camal Abdul Səttar Məhəmməd daha sonra demişdir: “Azərbaycana ilk dəfədir gəlirəm. Burada olmağımdan çox məmnunam. Əminəm ki, bu gözəl ölkəyə səfərlərim bundan sonra da davam edəcəkdir. Azərbaycan xalqı yüksək mədəni səviyyəyə malik xalqdır. Burada insanlar bir-birlərinə və başqalarına hörmət və ehtiram göstərməyi bacarırlar”.