MƏDƏNİYYƏT
Camal Əliyev Londonda Musiqiçilər Şirkətinin “Prince’s Prize” müsabiqəsinin qalibi olub
Bakı, 13 aprel, AZƏRTAC
Violonçelçalan, beynəlxalq mükafatlar laureatı Camal Əliyev Londonda Musiqiçilər Şirkətinin (The Musicians’ Company) “Prince’s Prize” müsabiqəsinin qalibi olub.
AZƏRTAC şirkətin rəsmi saytına istinadla xəbər verir ki, Camal Əliyev müsabiqənin birinci mükafatına (10 000 funt-sterlinq) və bu nüfuzlu şirkətin gümüş medalına layiq görülüb.
Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub. Cari ilin martında “Sir Karl Jenkins” musiqi müsabiqəsinin birinci mükafatına layiq görülüb.