CƏMİYYƏT


“CanSat Azərbaycan 2019” tələbə model peyk müsabiqəsinin final mərhələsi keçirilib VİDEO

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 28–də “Azərkosmos” ASC və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə tələbələr arasında “CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, bu ilin yanvar ayından etibarən elan edilən “Cansat Azərbaycan 2019” müsabiqəsində ölkənin 15 universitetindən 38 komanda qeydiyyatdan keçib. Builki müsabiqədə region universitetlərindən olan Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti də iştirak edib. Komandalar əsasən mexanika və kompüter mühəndisliyi, aerodinamika, proseslərin avtomatlaşdırılması, riyaziyyat, fizika və sair texniki ixtisaslar üzrə təhsil alan tələbələrdən ibarət olub.

Final mərhələsinə müsabiqənin “İlkin Hesabat Sənədi”nin təqdim olunması, (PDR-Preliminary Design Review) və “Layihələndirmə” mərhələlərini uğurla bitirən 11 universitetdən 13 komanda vəsiqə qazanıb.

Finalçılar hazırladıqları 350 qramlıq model peykləri raketlərin daxilinə yerləşdiriblər. Hündürlüyü 120 santimetr, çəkisi 1000 qram və 100 Ns dartı qüvvəsinə malik olan daşıyıcı raketlər “Azərkosmos ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin ərazisində yerləşən start məntəqəsində 300 metr yüksəkliyə qədər qaldırılıb. Səmaya buraxılan raketlərdən ayrılan peyk modelləri vasitəsilə yerüstü stansiyaya siqnal – telemetriya ötürülüb və ərazinin hündürlüyünü, temperaturunu və təzyiqini müəyyən etmək mümkün olub.

İkigünlük final mərhələsinin növbəti günü – iyunun 29-da komandalar “Peyk modellərinin uçuş sonrası hesabatı”nın təqdim olunması mərhələsində yerli və beynəlxalq üzvlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Münsiflər heyətinin sədri Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şuranın elmi məsləhətçisi, fizika-riyaziyyat elmləri doktoru, akademik Roald Saqdeyevdir. Münsiflər heyətinin üzvləri Fransanın yüksək avionika, kibertəhlükəsizlik sahəsində xidmət göstərən “Thales” şirkətinin, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının Kosmik Texnologiyalar üzrə Araşdırma İnstitutunun (TÜBİTAK UZAY Enstitüsü), Təhsil Nazirliyinin və “Azərkosmos” ASC-nin mütəxəssisləridir.

“CanSat Azərbaycan” müsabiqəsində iştirak edən tələbələr aerodinamika, elektronika, mexanika və kosmik sferanın digər mühəndislik sahələrində əldə etdikləri bilikləri birbaşa praktiki məsələlərin həllinə tətbiq etmək bacarıqlarını əldə ediblər.

“Azərkosmos” peyklərin idarə olunması və peyk xidmətlərinin təqdim edilməsi ilə yanaşı, milli kosmik sənayedə innovasiyaların tətbiq edilməsi və ölkəmizin bu sahədə yerli kadrların hazırlanması istiqamətində işlər aparır. “CanSat Azərbaycan” müsabiqəsi də məhz bu missiyanın bir nümunəsidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.